...

Yunanıstan Prezidentinin səfəri ilə bağlı Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 4 Aprel 2011 16:36 (UTC +04:00)
Yunanıstan Prezidenti Karolos Papulyasın səfəri ilə əlaqədar aprelin 4-6-da Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Yunanıstan Prezidentinin səfəri ilə bağlı Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir T.Hacıyev/

Yunanıstan Prezidenti Karolos Papulyasın səfəri ilə əlaqədar aprelin 4-6-da Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə bazar ertəsi Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

"4-6 aprel tarixləri arasında keçiriləcək dövlət əhəmiyyətli tədbirlərdə iştirak edəcək qonaqların yol hərəkətində təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, aprelin 5-də səhər saat 08:30-dan 20:00-a qədər paytaxtın Bakıxanov və İzmir küçələrinin kəsişməsindən İnşaatçılar, Hüseyn Cavid və Parlament prospektləri və Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, İstiqlaliyyət, Niyazi küçələri, Neftçilər prospekti və Yusif Səfərov küçəsi ilə Aeroport şosesi üzrə, eyni zamanda, aprelin 6-da səhər saat 10:00-dan tədbir qurtaranadək həmin marşrutla Rəşid Behbudov küçəsi, Qələbə meydanı, Fətəli xan Xoyski prospekti ilə Heydər Əliyev prospekti boyunca avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. Qeyd olunan küçə və prospektlərdə avtomobillərin parklandırılmasının mümkünsüzlüyünü nəzərə alaraq sürücülərdən xahiş olunur ki, şəxsi nəqliyyat vasitələrindən bu istiqamətdə mümkün qədər az istifadə etməklə alternativ yollarla hərəkət etsinlər", - Əsədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti