...

Azərbaycanda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Əlaqələndirmə Mərkəzinin açılışı olacaq

Cəmiyyət Materials 8 Aprel 2011 12:04 (UTC +04:00)
İyun ayında Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avrasiya regionu üzrə Regional Əlaqələndirmə Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək.
Azərbaycanda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Əlaqələndirmə Mərkəzinin açılışı olacaq

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir T.Hacıyev/

İyun ayında Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avrasiya regionu üzrə Regional Əlaqələndirmə Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək. Trend-in Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektoruna istinadən verdiyi məlumata görə, bu barədə razılıq BSTA-nın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən sonuncu iclasında əldə edilib.

İclasda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. BSTA Avropa Şəbəkəsi Rəhbər Komitəsinin budəfəki iclasında Şəbəkənin əhatə dairəsinin genişləndirilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və digər texniki məsələlər nəzərdən keçirilib. İclasda şəbəkədaxili idarəetmənin təkmilləşdirməsi məqsədilə üzv ölkələrin coğrafi və ünsiyyət dili prinsipləri əsasında 4 şərti region üzrə (Şimali Avropa, Cənubi Avropa, Mərkəzi Avropa və Avrasiya) qruplaşdırılması və hər bir regionda yeni əlaqələndirmə mərkəzinin yaradılması diqqət mərkəzində olub.

Müzakirələrin yekununda öncə Avrasiya regionu üzrə ölkələrin qruplaşdırılması və bura daxil edilmiş ölkələrin sığorta-pensiya və sosial müdafiə təşkilatlarının Bakıda Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun nəzdində təsis olunacaq BSTA-nın Regional Əlaqələndirmə Mərkəzi tərəfindən koordinasiya edilməsi barədə qərar qəbul olunub. BSTA-nın Baş Katibi cənab Hans-Horst Konkolevski öz çıxışında Avrasiya regionunun BSTA üçün önəmi barədə toplantı iştirakçılarına geniş məlumat verib və Avrasiya regionu üzrə ölkələrin müvafiq qurumlarının əlaqələndirilməsi funksiyalarının Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçiriləcəyini yüksək qiymətləndirdiyini bildirib.

İclas çərçivəsində DSMF sədri Müslümov BSTA Prezidenti cənab Frank Errol Stuve və Baş Katib cənab Hans-Horst Konkolevski ilə ikitərəfli görüşlər də keçirib. Görüşlər zamanı Bakıda BSTA-nın Regional Əlaqələndirmə Mərkəzinin yaradılması üzrə BSTA ilə DSMF arasında imzalanacaq Razılaşma Memorandumunun mətni, qarşılıqlı iş mexanizmləri, eyni zamanda, bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan BSTA-nın Texniki Seminarı ilə bağlı məsələlər müzakirə edilib.

Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, ölkəmiz 2007-ci ildə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib və Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.

Xəbər lenti

Xəbər lenti