...

Azərbaycanda gənclər arasında "Vətəni tanı" layihəsinə start verildi

Cəmiyyət Materials 15 Aprel 2011 19:06 (UTC +04:00)
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının cümə günü "Vətəni tanı" layihəsinin təqdimat mərasimi keçirilib. Bakı şəhəri 134 saylı orta məktəbdə keçirilən tədbirdə millət vəkili Fuad Muradov, gənclər və idman naziri Azad Rəhimov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, təhsil nazirinin müavini Elmar Qasımov iştirak edib.
Azərbaycanda gənclər arasında "Vətəni tanı" layihəsinə start verildi

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının cümə günü "Vətəni tanı" layihəsinin təqdimat mərasimi keçirilib. Bakı şəhəri 134 saylı orta məktəbdə keçirilən tədbirdə millət vəkili Fuad Muradov, gənclər və idman naziri Azad Rəhimov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, təhsil nazirinin müavini Elmar Qasımov iştirak edib.

Təqdimat mərasimində Milli Şuranın baş katibi Orxan Ərəbov şagirdlərə layihə barədə məlumat verib.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov bildirib ki, həyata keçirilən yeni layihənin əsas məqsədi gənclər arasında vətənpərvərlik və dövlətçilik ənənələrinin təbliğ edilməsidir. Nazir qeyri-hökumət təşkilatları ilə sıx əlaqədə olduqlarını qeyd edərək bildirib ki, insanlar bu kimi layihələrlə Azərbaycanın coğrafiyası ilə daha yaxından tanış olacaqlar. Nazir layihənin tərkib hissəsi kimi Dənizkənarı parkda aksiya keçirməyi təklif edib.

Təhsil nazirinin müavini Elmar Qasımov da Milli Şuranın hazırladığı layihəni yüksək qiymətləndirib. "Vətəni sevmək üçün ilk növbədə gərək onu tanıyasan. Vətəni sevmək üçün onun hər bir bölgəsini tanımaq lazımdır", - nazir müavini bildirib.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov isə qeyd edib ki, hazırda Azərbaycanda ümumilikdə 5 min ərazi vahidi qeydə alınıb. "Hər bir insan öz vətəninin ərazi vahidini tanımalıdır. Bu baxımdan biz Milli Şura ilə birgə yeni dəqiq elektron xəritə tərtib etdik. Ümid edirəm ki, bu, gənclər üçün faydalı olacaq", - o deyib.

Təqdimat mərasiminin sonunda çıxış edən millət vəkili Fuad Muradov yeni layihənin ərsəyə gəlməsində bir çox çətinliklərlə üzləşdiklərini bildirib. O qeyd edib ki, bu zamana kimi internet resurslarında göstərilən xəritələrdə bir çox nöqsanlar mövcud olub.

"Vətəni tanı" layihəsi 14-18 yaşlı gənclər arasında bütün respublika üzrə 74 regional turda keçiriləcək. Hər bir rayondan 2 nəfər, Bakının 11 rayonu üzrə 2 nəfər Bakı təmsilçisi olaraq seçiləcək. Kampaniya çərçivəsində əhatə olunacaq aktiv iştirakçıların sayının ölkə üzrə 12 min nəfərdən çox olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti