...

Bakı yol polisi avtoxuliqanların valideynlərinə müraciət edib

Cəmiyyət Materials 21 Aprel 2011 10:46 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtoxuliqanlara qarşı mübarizə məqsədilə xüsusi tədbirlər planı hazırlayıb.
Bakı yol polisi avtoxuliqanların valideynlərinə müraciət edib

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtoxuliqanlara qarşı mübarizə məqsədilə xüsusi tədbirlər planı hazırlayıb.

İdarənin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, tədbirlər planına müvafiq olaraq İdarənin və Bakı rayonlarının yol polisi şöbələrinin əməkdaşları Cəfər Cabbarlı, Cəfər Xəndan küçələri, "5 mərtəbə" dairəsi, Hüseyn Cavid, Nobel, Babək prospektlərində, Zərifə Əliyeva parkının qarşısında avtoxuliqanlara qarşı reydlər keçirirlər.

Əsədov deyib ki, ötən gecə aparılan reydlər zamanı 12 avtoxuliqan saxlanılıb və barələrində müvafiq tədbirlər görülməsi üçün məhkəmələrə müraciət olunub.

Gecə vaxtı keçirilən reydlər zamanı avtomobili sərxoş idarə edən 16 (1-i qadın), polisin əmrinə tabe olmayan 4, pərdə və plyonkalı avtomobil idarə edən 9, qadağan olunmuş səs siqnalı quraşdırılan avtomobil idarə edən 4 sürücü aşkar edilib.

Bu şəxslərin insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdığını deyən Əsədov avtoxuliqanlarla mübarizədə qanunun imkan verdiyi bütün tədbirlərin görüləcəyini vurğulayıb.

İnzibati Xətalar Məcəlləsinin 296-1-ci maddəsinin tələbinə görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir. Yaxud həmin şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla on günədək inzibati həbs tətbiq olunur.

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla, altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir. Yaxud da nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.

Bölmə rəisi avtoxuliqanlıq edən gənclərin valideynlərinə və yaxınlarına müraciət edərək, onlardan övladlarının və yaxınlarının bu yoldan çəkindirilməsinə kömək etmələrini xahiş edib.

Xəbər lenti

Xəbər lenti