Özbəkistan, Daşkənd, 21 aprel /Trend, müxbir D.Əzizov/
Azərbaycanın Özbəkistandakı səfirliyi Çexiya səfirliyi və Özbəkistan "Şarq Ayolı" Beynəlxaq Qadın Fondu ilə birgə Özbəkistan Dövlət Konservatoriyasının böyük zalında "Planet ümumi evimizdir" adlı konsert keçirib.
Konserti "Şarq Ayolı" Fondunun direktoru Səadət Tursunbayeva, Çexiya səfiri Robert Kopetski və Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev açıb.
O, xüsusilə də xatırladıb ki, aprelin 7-9-da Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu böyük uğurla keçirilib və bu tədbirin keçirilməsi tamamilə müxtəlif tarixə, mədəniyyətə və mentalitetə malik ölkələr və xalqlar arasında əməkdaşlığa daha bir sübutdur.
Konsert proqramı Azərbaycan, Çexiya və Özbəkistan incəsənətini təmsil edən musiqi və poetik nömrələrdən təşkil olunub.
Konsert proqramının Azərbaycana məxsus hissəsinə Nəvai adına Dövlət Opera və Balet Teatrının solistlərinin ifasında görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Koroğlu" operası və "Arşın mal alan" operettasından ariyalar, Zeynəb Kərimova, Rəna Əzizova, Olqa Nuqayevanın ifasında Azərbaycanın xalq və estrada mahnıları, eləcə də müasir Azərbaycan şairlərinin şerləri daxil edilib. Azərbaycanın əməkdar artisti Kövkəb Əliyevanın rəhbərlik etdiyi "Azəri" qızlar ansamblı xalq rəqslərini ifa edib.
Konservatoriyanın foyesində müasir Azərbaycanın həyatını, onun tarixini, mədəniyyətini əks etdirən sərgi təşkil olunub.
"Azərbaycan Respublikası - müstəqilliyin 20 ili" ekspozisiyasında ölkənin müstəqillik illərində əldə etdiyi nailiyyətlər, respublikada həyata keçirilən siyasi-sosial, iqtisadi və mədəni quruculuq prosesi nümayiş olunub. Ekspozisiyaya tamaşa edənlərdə Avropa-Asiya nəqliyyat dəhlizini, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərlərini əks etdirən xəritə-sxemlər xüsusi maraq oyadıb.
Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında kitablar və kitabçalar, "Görkəmli şəxsiyyətlərin həyatı" silsiləsindən "Heydər Əliyev" kitabı, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin hazırkı islahatlar kursu haqqında materiallar sərgilənib.
Sərgidə xalq musiqi alətləri - tar, kamança, saz, ud, qaval, nağara, qoşa nağara, nəfəs alətləri, eləcə də muğam, aşıq sənəti, Azərbaycanın görkəmli bəstəkarları haqqında kitablar, "Qarabağ xanəndələri" toplusu ayrıca nümayiş olunub.
Respublikaların müstəqilliyi illərində yeni vüsət almış Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərinə ayrıca bölmə həsr olunub.