...

Bakıda Rusiya arxiv sənədləri və nəşrləri üzrə hazırlanmış "Qafqazda "erməni məsələsi"" kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2011 23:37 (UTC +04:00)
Bakıda cümə axşamı Avropa Azərbaycan Cəmiyyətinin (AAC) hazırladığı və nəşr etdiyi "Qafqazda "erməni məsələsi"" kitabının təqdimat mərasimi keçirilib
Bakıda Rusiya arxiv sənədləri və nəşrləri üzrə hazırlanmış "Qafqazda "erməni məsələsi"" kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir M.Əliyev/

Bakıda cümə axşamı Avropa Azərbaycan Cəmiyyətinin (AAC) hazırladığı və nəşr etdiyi "Qafqazda "erməni məsələsi"" kitabının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, 1724-1914-cü illər arasında Rusiya arxiv sənədləri və nəşrləri üzrə hazırlanmış kitab 3 cilddə nəşr edilib.

Tədbirdə çıxış edən AAC-ın təsisçisi və sədri Tale Heydərov bildirib ki, rəhbərlik etdiyi təşkilatın əsas məqsədi Azərbaycanı Avropada siyasi, iqtisadi və mədəni cəhətdən tanıtmaqdır.

"Bizim əsas məqsədimiz həm də Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır" Heydərov deyib.

Heydərov cəmiyyətin "Vision Azerbaijan" jurnalını, Azərbaycan barəsində "100 suala cavab" kitabını hazırladıqlarını, bir sıra dillərdə nəşr etdiklərini deyib. İndiyədək bu kitabın 5 dildə nəşr olunduğunu deyən sədr daha 3 dilə də tərcümə olunmasının planlaşdırıldığını bildirib.

"Qafqazda "erməni məsələsi"" kitabının Rusiya hərbi arxivlərinin məlumatları əsasında hazırlandığını deyən Heydərov kitabdakı sənədlərin çoxunun ilk dəfə açıqlandığını bildirib.

"Bu kitabda o zamankı imperiyanın Cənubi Qafqaz siyasətini tənqid edən Rusiya ziyalılarının fikirləri də yer alıb. Onlar açıq çıxış edirdilər ki, bölgədə problemi yaradan ermənilərdir. Nə Qafqazda, nə də Şərqi Anadoluda ermənilərə qarşı soyqırım olmayıb. Əksinə soyqırımı türklərə qarşı ermənilər törədiblər" AAC-nin sədri əlavə edib.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə qeyd edib ki, Rusiya da daxil olmaqla Avropa ölkələri ötən əsrdə özlərinin müstəmləkəçiliklə bağlı bütün fəaliyyətlərini sənədləşdiriblər. Nəticə olaraq kiçik xalqlar sonradan belə problemlərlə üzləşib.

"Bizi XXI əsrdə çox strateji vəzifələr gözləyir. Ən əsası isə erməni məsələsini çox dəqiqliklə dünya ictimaiyyətinin dünya siyasətini formalaşdıran mərkəzlərin diqqətinə faktlarla çatdırmalıyıq. Azərbaycan xalqının bütün etnik tarixi təhlil olunmalı, 20-ci əsrdə müstəqillik yolunda atdığı addımlar və sonrakı proseslər dünya ictimaiyyətinə çatdırılmalı, beyinlərinə yeridilməlidir. Tale Heydərovun bu sahədə fəaliyyəti, nəşr olunmuş kitab işin başlanğıcıdır. Bu kitabın dünyanın aparıcı elm mərkəzlərinə, kitabxanalarına, strateji mərkəzlərinə yerləşdirilməsi, mahiyyəti barədə media vasitəsilə cəmiyyətləri məlumatlandırılmasına ehtiyac var. Həqiqi soyqırıma məruz qalan Azərbaycan xalqı ilə özü haqqında "soyqırım" mifi yaradan ermənilər arasında fərqi dünya görməlidir" Həsənov deyib.

PA rəsmisi deyib ki, AAC bu sahədə çox aktiv fəaliyyət göstərib. Həsənov onu da qeyd edib ki, dünya arxivlərindəki Azərbaycan qaynaqları öyrənilməli və təhlil olunmalıdır.

Xəbər lenti

Xəbər lenti