...

Azərbaycan və Türkiyə unuversitetləri arasında əməkdaşlığa dair memorandum imzalanıb

Cəmiyyət Materials 23 Aprel 2011 14:16 (UTC +04:00)
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin On doqquz Universiteti arasında anlaşma memorandumu imzalanıb. Bu barədə Trend-ə BDU-nun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan və Türkiyə unuversitetləri arasında əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin On doqquz Universiteti arasında anlaşma memorandumu imzalanıb. Bu barədə Trend-ə BDU-nun mətbuat xidmətindən məlumat verilib.

İmzalanma mərasimindən əvvəl çıxış edən rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin Türkiyənin bir çox ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini və bu əməkdaşlığın səmərəli nəticələr verdiyini qeyd edib.

Rektor əmin olduğunu bildirib ki, On doqquz May Universiteti ilə imzalanmış bu memorandum əməkdaşlığın inkişafı istiqamətində çox böyük nəticələr verəcək.

On doqquz May Universitetinin rektoru, professor doktor Hüseyn Akan da öz növbəsində memorandumun kağız üzərində qalmayacağını, təhsil və elmin inkişafı baxımından səmərəli olacağını qeyd edib.

İmzalanan anlaşma memorandumuna əsasən, ali təhsil ocaqları tədqiqatçı, tələbə, magistr və doktorantların mübadiləsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı, magistratura və doktorantura pillələri üzrə ikili diplom proqramlarının hazırlanması və tətbiqi sahələrində əməkdaşlıq edəcəklər.

İmzalanma mərasimində BDU-nun professor-müəllim heyəti, o cümlədən On doqquz May Universitetinin prorektoru və Ali Təhsil Komissiyasının (Yüksək Öyrətim Kurulu) üzvü Sait Bilgiç, Tibb fakültəsinin dekanı Heydər Şahinoğlu, Stomatologiya fakültəsinin dekanı Səlim Arıçı da iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti