...

Azərbaycanda elmin inkişafına çox böyük diqqət göstərilir - deputat

Cəmiyyət Materials 27 Aprel 2011 16:59 (UTC +04:00)
Prezident İlham Əliyevin akademiya şəhərciyində aparılan əsaslı təmir işləri ilə tanış olması, AMEA-nın illik yığıncağında çıxışı Azərbaycan elminin inkişafında çox böyük hadisədir.
Azərbaycanda elmin inkişafına çox böyük diqqət göstərilir - deputat

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir T.Hacıyev/

Prezident İlham Əliyevin akademiya şəhərciyində aparılan əsaslı təmir işləri ilə tanış olması, AMEA-nın illik yığıncağında çıxışı Azərbaycan elminin inkişafında çox böyük hadisədir. Trend-in məlumatına görə, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

Onun fikrincə, Tarix Muzeyinin təmiri, onun yeni eksponatlarla təchiz olunması, Nizami adına Ədəbiyyat Muzeyinin açılışı və Prezidentin bu tədbirlərdə iştirakı Azərbaycanda elmə, mədəniyyətə verilən yüksək qiymətdən xəbər verir.

Baxşəliyeva hesab edir ki, Azərbaycanda elmin inkişafına çox böyük diqqət göstərilir.

"AMEA-nın illik ümumi yığıncağı zamanı biz bir daha əmin olduq ki, Azərbaycanda elmin ən böyük himayədarı Prezident İlham Əliyevdir", - o əlavə edib.

Baxşəliyeva bildirib ki, Prezident İlham Əliyev yığıncaqdakı çıxışında alimlərin əməyinə yüksək qiymət verdi. Onun sözlərinə görə, dövlət başçısı Azərbaycanda elmin inkişafı, modernləşməsi, böyük elmi məktəblərin qorunub saxlanması haqqında dəyərli fikirlər bildirib.

"Yığıncaq zamanı dövlət başçısı alimlər tərəfindən səslənmiş təkliflərə də müsbət münasibətini ifadə etdi. Bilirsiniz ki, alimlərin sosial təminatının yaxşılaşdırılması diqqət mərkəzindədir, vaxtaşırı məvaciblər artırılır. Amma Prezident qeyd etdi ki, bugünkü təminat kifayət deyil və ona görə də yaxın vaxtlarda elm adamlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addımlar atılacaq. Bütün bunlar onu göstərir ki, Azərbaycan elminin inkişafı, modernləşməsi, dünya elminə inteqrasiya etməsi üçün iqtidar əlindən gələni edir. Prezident İlham Əliyev öz mövqeyi ilə sübut edir ki, o, nəinki böyük ictimai-siyasi xadimdir, eyni zamanda, ən müasir səviyyədə düşünən alimdir", - Baxşəliyeva vurğulayıb.

"1992-ci ildə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Azərbaycan elminə tam başqa münasibət bəsləyirdi. Onların bir illik hakimiyyəti dövründə Elmlər Akademiyasının ləğv olunması fikri səsləndirilirdi. Sovetlərdən qalmış qurum kimi onun ləğvini iddia edirdilər. Bu fikri yalnız elmə aidiyyəti olmayan adamlar deyə bilərdilər. Çox şükürlər olsun ki, onların hakimiyyəti çox davam etmədi. 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk görüşlərinin birini akademiyanın Rəyasət Heyətinin binasında alimlərlə keçirdi. Ulu öndərimiz o zaman bildirdi ki, Elmlər Akademiyası Azərbaycan xalqının böyük sərvətidir və bu sərvəti qoruyub yaşatmalıyıq. Qısa müddət ərzində bir sıra fərman və sərəncamlar verildi ki, bütün bunlar akademiyanın cəmiyyətdə, elmi ictimaiyyətdə mövqeyini qat-qat artırmış oldu. Bütün sahələrdə olduğu kimi, elm sahəsində də Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin yolunu davam etdirir. Bildiyiniz kimi, Azərbaycan elminin inkişaf strategiyası təsdiq olunub. 2009-2015-ci illərdə elmin inkişaf strategiyasının həyata keçirilməsi üçün Dövlət Proqramı qəbul edilib. Elmin İnkişaf Fondu yaradılıb və s. addımlar atılıb. Bütün bunlar göstərir ki, AMEA-ya, Azərbaycan elminə ilbəil diqqət artırılır", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti