...

Azərbaycanda mətbuat azadlığı yetərincə təmin edilir - Vüqar Rəhimzadə

Cəmiyyət Materials 2 May 2011 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir T.Hacıyev/

"Freedom house" təşkilatının Azərbaycandakı mətbuat azadlığı ilə bağlı fikirləri qərəzlidir. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

"Hesabatda göstərilənlər qətiyyən reallığı əks etdirmir. Azərbaycanda, kimliyindən asılı olmayaraq, istənilən vətəndaşın mətbuatda öz sözünü sərbəst demək imkanı var. Ölkədə bu sahədə kifayət qədər uğurlu addımlar atılıb. Bu halda "Freedom House"-un hesabatında əks olunanlar qərəzli, subyektiv və kimlərinsə sifarişi ilə ifadə olunan fikirlərdir", - Rəhimzadə əlavə edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, söz və mətbuat azadlığı sahəsində də kifayət qədər uğurlu işlər görülüb.

"1993-cü ildən etibarən - ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, bu sahəyə də xüsusi önəm verilib. 1998-ci ildə senzuranın aradan qaldırılması Azərbaycan milli mətbuat tarixində önəmli hadisə idi. 1999-cu ildə KİV haqqında çox mütərəqqi qanunun qəbul olunması, 2001-ci ildə bu qanuna əlavə və dəyişikliklərin edilməsi mətbuat sisteminin inkişafı üçün çox uğurlu addım olub", - Rəhimzadə vurğulayıb.

Baş redaktor bildirib ki, 2005-ci ildə Azərbaycan mətbuatının 130 illiyində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla mətbuat işçilərinin dövlətin ali mükafatları ilə təltif olunması da çox uğurlu hal idi. O, hesab edir ki, KİV-ə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması Azərbaycan mətbuat tarixində çox önəmli hadisədir.

"Bu fond 2009-cu ildən fəaliyyət göstərir və bir çox uğurlu layihələr reallaşdırır. Bu layihələr həm redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılmasına, həm də əməkdaşların peşəkarlığının artırılmasına xidmət göstərir. Fondun yaradılması jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı da çox uğurlu addım idi", - Rəhimzadə deyib.

O, 2010-cu ildə Azərbaycan milli mətbuatının 135 illiyi ilə bağlı keçirilən tədbirləri də xatırladıb.

"Mətbuat Şurasının yeni binaya köçməsi, açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı və MŞ idarə heyətinin üzvləri ilə görüşü, söhbətləri, həmin görüşdən bir neçə saat sonra jurnalistlərin mənzil şəraitinin yaxşılaşdrılması ilə bağlı sərəncamın imzalanması dünyada analoqu olmayan hadisədir və mətbuata göstərilən diqqət və qayğının bariz nümunəsidir", - Rəhimzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda söz, fikir və mətbuat azadlığının tam təmin olunması nəticəsində hazırda 4000-dən çox kütləvi informasiya vasitəsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti