...

Modelyer Pyer Karden öz biznesini 1 milyard avroya satmaq istəyir

Cəmiyyət Materials 3 May 2011 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

Dünya şöhrətli modelyer Pyer Karden öz biznesini 1 milyard avroya satmağa hazır olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Amerikanın "Wall Street Journal" nəşrinin saytı məlumat verib.

"Biznesimi satmaq istəyirəm. Bilirəm ki, bir neçə ildən sonra burada olmayacam, işlər isə davam etdirilməlidir", - 88 yaşlı modelyer nəşrə müsahibəsində deyib.

Dərginin yazdığına görə, Karden artıq bir neçə il əvvəl öz biznesini 500 milyon avroya satmağa cəhd edib. Lakin müştəri tapılmayıb. O zaman modelyer həmin ideyadan əl çəkib. Hazırda əfsanəvi modelyer daha qətiyyətlidir. Bu barədə "RİA Novosti" yazır.

Karden artıq bir neçə dəfə ingilis sərmayədarla, Çindən və ABŞ-dan olan sərmayədarlarla görüşüb. Lakin hələlik məhz kimin Kardenin biznesinin sahibi olacağı bəlli deyil.

Modelyer müsahibəsində qeyd edib ki, biznesini satmağa hazırlaşmasına baxmayaraq, o, həmişəlik olaraq həyatının işi ilə vidalaşmaq fikrində deyil.

"Mən yaradıcı direktor qalmaq istəyirəm. Bu onların (yeni sahiblərin) marağında olacaq və brendin imici üçün faydalıdır", - Pyer Karden bəyan edib.

Analitiklərin qeyd etdikləri kimi, Kardenin biznesi ən yaxşı halda cəmi 200 milyon avro təşkil edə bilər, çünki onun şirkətinin mənfəəti və satış həcmləri haqqında dəqiq məlumat yoxdur. Karden özü də belə məlumata malik deyil.

"Mən şirkətin nə qədər qazandığını bilmirəm", - modelyer bildirib.

Xəbər lenti

Xəbər lenti