Azərbaycan, Bakı, 12 may /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın Yunanıstandakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyi ilə əlaqədar Yunanıstanın ən böyük universiteti olan İndianapolis universitetində Azərbaycan Günü keçirilib. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Universitetin müəllim və tələbələri qarşısında çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev Azərbaycan dövlətçiliyini qurulmasında və respublikanın müstəqilliyinin möhkəmlənməsində Heydər Əliyevin rolu, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətləri və prioritetləri, onun enerji strategiyası, Azərbaycan-yunan əlaqələrinin vəziyyəti və perspektivləri haqqında danışıb.
Səfir, həmçinin bu yaxınlarda Yunanıstan Prezidenti Karolos Papulyasın Azərbaycana rəsmi səfəri (2011-ci il, aprel) barədə məlumat verib və qeyd edib ki, Yunanıstanın rəsmi şəxslərinin fikrincə, bu, son vaxtlar yunan prezidentin xaricə ən uğurlu səfərlərindən biri idi.
Mustafayevin mühazirəsindən sonra universitet tələbələri də çıxış ediblər. Onlar "Azərbaycan haqqında nə bilirəm" mədəni-təhsil layihəsi çərçivəsində Bakıya bu yaxınlardakı səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər.
Layihə Azərbaycanın Mədəniyyət və İdman Nazirliyinin təşkilati və maliyyə dəstəyi ilə səfirlik tərəfindən həyata keçirilib.
Yunan tələbələr öz çıxışlarında bu gün Azərbaycanın müasir, güclü iqtisadiyyata malik dinamik dövlət və açıq cəmiyyət olduğunu qeyd ediblər. Onlar Azərbaycanda iqtisadi inkişafın, tolerantlığın və qonaqpərvərliyin bu qədər yüksək səviyyəsini gözləmədiklərini bildiriblər.
Görüş iştirakçılarına "Azərbaycan bu gün" sənədli filmi, eləcə də universitet tələbələrinin hazırladıqları "Müasir Bakı" fototəqdimatı nümayiş olunub.