Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə mayın 22-də keçirdiyi imtahanların nəticəsini açıqlayıb.
Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, abituriyentlər nəticələri TQDK-nın internet saytından (www.tqdk.gov.az) öyrənə bilərlər.
Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində keçirilən imtahanlarda iştirak üçün 10 275 abituriyent qeydiyyatdan keçib.
İmtahanda "Elektron ərizə"lərini mayın 17-si saat 14:00-a kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak ediblər.
İmtahanda abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilib. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilib. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalı idi.
İmtananın nəticələrinə görə, 8696 nəfər "məqbul" qiymət alıb.
Mayın 22-də keçirilən imtahanda "qeyri-məqbul" qiymət alan abituriyentlər iyunun 26-da keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında təkrarən iştirak edə bilərlər.