Azərbaycan, Bakı, 24 may /Trend, müxbir T.Hacıyev/
Bakıda "Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib. Trend-in məlumatına görə, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KIVDF) və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Səbail rayon İcra Hakimiyyətində keçirilən konfransın işində Azərbaycanda fəaliyyət göstərən 20-dən çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, rayon ictimaiyyətinin, rayonun müxtəlif idarə və təşkilatlarında çalışan gənclərin, ali məktəb tələbələrinin nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov açıb. O, Azərbaycan Milli Mətbuatının yaranması, inkişaf yolu barədə danışıb. Ümummilli lider Heydər Əliyevin mətbuat işçilərinə olan diqqət və qayğısı, Azərbaycanda mətbuatın inkişafı ilə bağlı görülən işlər, Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində ölkədə söz və mətbuat azadlığı, KİV-in və jurnalistlərin müstəqilliyinə təminat verən qanunların qəbul edilməsi, 300-dən çox KİV əməkdaşına Prezident təqaüdü, dövlət mükafatları və fəxri adlar verilməsi, bir çox qəzet redaksiyalarına birdəfəlik maliyyə yardımı göstərilməsi barədə məlumat verib.
Qeyd olunub ki, ulu öndərin təşəbbüsü ilə 2003-cü ildə Azərbaycanda Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası, 2005-ci ildə isə İctimai Televiziya və Radio Yayımları Şirkəti yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq olunub və 2009-cu ildə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb.
Əsgərov Səbail rayon İcra Hakimiyyəti, rayonda fəaliyyət göstərən idarə, təşkilat, təhsil müəssisələri ilə KİV arasındakı mövcud əlaqələrdən, rayonda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərinin mətbuatda işıqlandırılmasından danışıb.
Azərbaycan Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli konfransın həsr olunduğu mövzunun mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. O, Azərbaycanda media ilə cəmiyyət arasında münasibətlərin hazırkı vəziyyətindən söz açıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda 4500-dən çox KİV qeydiyyatdan keçib. Amaşov qeyd edib ki, Azərbaycanda müstəqil medianın inkişafı üçün münbit şərait yaradılıb, qanunvericilikdə dövlət qurumları ilə mətbuatın əlaqələrinə xüsusi yer verilib.
Onun sözlərinə görə, mətbuata yaradılan şəraitdən bəzi şəxslər öz mənafeləri üçün istifadə edirlər və reket jurnalistika ilə məşğul olurlar.
"Həmin şəxslərin məqsədi cəmiyyəti informasiya ilə təmin etmək yox, yalnız şəxsi mənafelərinə xidmət etmək üçün insanlara böhtan atmaqdır. Mətbuat Şurası reket qəzetçiliklə mübarizə aparır, lakin bu işdə cəmiyyətin də köməyinə ehtiyac var", - Amaşov əlavə edib.
"İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının reket jurnalistika ilə mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə Azərbaycanda reket jurnalistikaya qarşı aparılan mübarizədən söz açıb.
Daha sonra tədbir qarşılıqlı dialoq şəratində davam etdirilib. Tədbir iştirakçıları KİV rəhbərlərinə suallar ünvanlayıblar. Suallar əsasən Azərbaycanın dünyada tanıdılması istiqamətində, Qarabağ münaqişəsinin həll olunmasında medianın üzərinə düşən məsuliyyətlərlə bağlı olub.
Tədbirə xarici ölkələrdə təhsil alan Səbail rayonunun sakinləri də internet vasitəsilə qoşulublar.