...

MDB Hökumət Başçıları Şurası Azərbaycanın təklif etdiyi sənədləri qəbul edib

Cəmiyyət Materials 24 May 2011 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir İ.İsabalayeva/

Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurası Azərbaycanın təklif etdiyi "MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlıq üzrə Konsepsiyası" və konsepsiyanın həyata keçirilməsi məqsədilə hazırlanmış "2015-ci ilə qədər MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əsas tədbirləri" sənədlərini qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən cərşənbə axşamı Trend-ə verilən məlumata görə, Azərbaycanın 2007-ci il may ayında təklif etdiyi bu sənədlər Şuranın Minskdə keçirilən son toplantısında qəbul edilib.

Konsepsiya MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsi üzrə uzunmüddətli perspektivlərə malik hökumətlərarası əməkdaşlığını və razılaşdırılmış mövqeləri özündə cəmləşdirir.

Konsepsiyada mədəniyyət sahəsi üzrə əməkdaşlığın MDB iştirakçı dövlətlərinin davamlı sosial-iqtisadi inkişafını təmin etmək üçün əsas amillərdən biri olduğu, yaradıcılıq və novatorluğu inkişaf etdirmək, MDB ölkələri arasında dostluq və əməkdaşlıq əlaqələrini qorumaq və möhkəmləndirmək üçün mühüm rol oynadığı vurğulanır.

Hər iki sənəd hələ 2010-cu ildə MDB-nin Xarici İşlər Nazirləri Şurası tərəfindən bəyənilmişdi.

Minskdə keçirilən toplantıda Azərbaycanı nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin beynəlxalq əlaqələr və protokol sektorunun müdiri, MDB üzv dövlətlərinin Mədəniyyət Siyasəti üzrə İşçi Qrupunun rəhbəri Rauf Paşayev təmsil edib.

Xəbər lenti

Xəbər lenti