...

Azərbaycanlı gimnastlar Avropa çempionatından qayıdıblar (FOTO)

Cəmiyyət Materials 31 May 2011 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Azərbaycanlı gimnastlar Minskdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatından qayıdıblar.

Azərbaycanın yeniyetmələrdən ibarət komandası qitə çempionatının nəticələrinə əsasən bürünc medal qazanıb. Qitə birinciliyində iplə yarış üzrə birinci yeri Rusiya komandası (27,100) tutub. Fəxri kürsünün ikinci pilləsinə turnirin sahibi olan belarus yeniyetmələr (26,500) qalxıb, üçüncü yerin sahibi isə Azərbaycan komandası (25,825) olub.

Avropa birinciliyinin qrup yarışlarında bürünc medalı Lalə Yusifova, Ayişə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Səbinə Qaratova və Siyana Vasilyeva qazanıblar.

Azərbaycanlı zəriflər iplə hərəkətlərdə məşhur "Böyük şəhərin işıqları" filminin musiqisi altında çıxış ediblər. Onların geyimləri isə Çarli Çaplin obrazı stilində tikilərək üzəri döşlük və kəpənəklə bəzədilmişdi.

Bundan əlavə, azərbaycanlı idmançı Aliyə Qarayeva Minskdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatının iki finalında - halqa və topla hərəkətlərdə dördüncü olub. Topla hərəkətlərdə Qarayeva hakimlərdən 27.500 xal alaraq Belarus idmançısı Lyubov Çarkaşina (28.450 xal), və iki Rusiyalı idmançı - Yevgeniya Kanayeva və Darya Dmitriyevadan (28.350 və 27.575 xal) sonra dördüncü olub.

Halqa ilə hərəkətlərdə da Aliyə Qarayeva 27.725 bal yığaraq dördüncü olub. Birinci və ikinci yerlərin sahibləri Rusiyalı idmançılar Yevgeniya Kanayeva (29.450 xal) və Darya Kondakova (29.025 xal) olublar. Bürünc medalı isə Belarus gimnastı Lyubov Çarkaşina qazanıb.

Xəbər lenti

Xəbər lenti