...

Azərbaycan və Fransa arasında muzey sahəsi üzrə əməkdaşlığın inkişafı müzakirə edilib

Cəmiyyət Materials 3 İyun 2011 17:30 (UTC +04:00)
Azərbaycan və Fransanın müvafiq qurumları arasında muzey sahəsi üzrə əməkdaşlıq inkişaf edə bilər.
Azərbaycan və Fransa arasında muzey sahəsi üzrə əməkdaşlığın inkişafı müzakirə edilib

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan və Fransanın müvafiq qurumları arasında muzey sahəsi üzrə əməkdaşlıq inkişaf edə bilər.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, tərəflər arasında əməkdaşlıq məsələləri mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın Fransanın məşhur Gime (Guimet) muzeyinin direktoru Jak Jies ilə görüşündə müzakirə edilib.

Görüşdə Azərbaycan sənət nümunələrinin Gime muzeyində, həmçinin həmin muzeyin eksponatlarının Azərbaycan sərgilərində nümayiş etdirilməsinin mümkünlüyü və s. məsələlər barədə fikirlər səsləndirilib.

Qonaq ikitərəfli əməkdaşlığın növbəti mərhələsi kimi əməkdaşlıq sazişinin imzalanmasını və yüksək səviyyəli tədbirlərin təşkil olunması üçün müvafiq konsepsiyaların işlənib hazırlanmasını təklif edib.

Görüş zamanı Məmmədəliyeva bu ilin sonunda Azərbaycan Dövlət İncəsənət Muzeyində qədim Azərbaycan incəsənəti sərgisinin olacağını bildirib. O, Jiesi həmin sərgiyə, həmçinin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının açılış mərasimində iştirak etməyə dəvət edib.

Jies mayın 31-dən başlayan və iyunun 7-dək davam edəcək Bakı səfəri çərçivəsində Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər Dövlət Qoruğu, Miniatür Kitab Muzeyi, Şirvanşahlar Sarayı Kompleksi və s. yerlərdə olub.

Səfərinin növbəti günlərində qonağın Müasir İncəsənət Muzeyini, Qala Arxeoloji-Etnoqrafik muzey kompleksini, Dövlət Musiqi Mədəniyyəti Muzeyini ziyarət edəcəyi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti