...

Türkiyənin ali məktəblərindən məzun olmuş azərbaycanlı tələbələr üçün məzuniyyət tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 12 İyun 2011 01:04 (UTC +04:00)
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyinin təşəbbüs qrupunun təşkilatçılığı ilə 2011-ci ildə Türkiyənin ali məktəblərindən bakalavr, magistr və doktorantura dərəcəsi ilə məzun olmuş azərbaycanlı tələbələri üçün məzuniyyət tədbiri həyata keçirilmişdir.
Türkiyənin ali məktəblərindən məzun olmuş azərbaycanlı tələbələr üçün məzuniyyət tədbiri keçirilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyinin təşəbbüs qrupunun təşkilatçılığı ilə 2011-ci ildə Türkiyənin ali məktəblərindən bakalavr, magistr və doktorantura dərəcəsi ilə məzun olmuş azərbaycanlı tələbələri üçün məzuniyyət tədbiri həyata keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Elsevər Salmanov bildirib.

Tədbir çərçivəsində Türkiyənin müxtəlif şəhərlərindən Ankaraya gəlmiş tələbələrimiz, Ankaranın Yenimahalle səmtində yerləşən Ümummilli Liderimiz Heydər Əliyev Parkını ziyarət etmiş, Ümummilli Liderimiz Heydər Əliyevin heykəlinin önünə əklil qoymuş və Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirmişlər.

Daha sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində tədbirin rəsmi hissəsi başlamışdır. Tədbirdə Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Yusuf Ziya Özcan, Türkiyə Respublikasının Təhsil Nazirinin müavini Salih Çelik, Türkiyə Xaricindəki Türklərlə İş Üzrə Dövlət Qurumunun rəhbəri Kemal Yurtnaç, Ankarada səfərdə olan Millət Vəkili Qənirə Paşayeva, Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin Sədri və ARDNŞ-ın Türkiyə nümayəndəsi Seymur Ağayev, müxtəlif universitetlərin rəhbər işçiləri, çox sayda nüfuzlu elm adamları, KİV və diaspor nümayəndələri iştirak etmişlər.

Tədbir Ümummilli Liderimiz Heydər Əliyevin, Mustafa Kamal Atatürkün və bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və hər iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Tədbirdə Seymur Ağayev, Yusuf Ziya Özcan, Qənirə Paşayeva, Salih Çelik və Kemal Yurtnaç çıxış edərək məzunlarımıza bundan sonrakı həyatlarında müvəffəqiyyətlər diləmiş və iki ölkə əlaqələrinin daha da möhkəmləndirilməsində onların üzərinə düşən məsuliyyətin böyüklüyündən bəhs etmişlər.

Sonda Səfir Faiq Bağırov tədbirdə əsas nitqi söyləyərək, iki ölkə münasibətlərində təhsil əlaqələrinin əhəmiyyətindən, Ümummilli Liderimiz Heydər Əliyevin dövlətimizin gənclər siyasətinin təməlini qoymasından, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin gənclərimizə dövlət dəstəyi və qayğısındakı səylərindən və Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın gənc kadrlarımıza, xüsusilə də xaricdə təhsil almış gənclərimizə göstərdiyi diqqətdən geniş söz açmışdır.

Ardından məzun tələbələrimizə hədiyyələr təqdim olunmuşdur. Sonra məzun tələbələrimizin andiçmə mərasimi keçirilmişdir. Sonda tədbir iştirakçıları üçün ziyafət verilmişdir.

Ardından, tələbələrimizin məzuniyyət tədbiri çərçivəsində Səfirlik əməkdaşları və məzunlarımız Mustafa Kamal Atatürkün mavzoleyinə (Anıtkabir) yollanmışlar. Məzunlarımız Atatürkün məzarına əklil qoymuş, xatirə dəftərinə öz ürək sözlərini yazmış və Anıtkabir muzeyi ilə yaxından tanış olmuşlar.

Sonra, Səfirlik əməkdaşları və məzunlarımız Ankaranın Keçiören səmtində Xocalı Soyqırımı abidəsinə yollanmışlar. Xocalı Soyqırımı Abidəsinə əklil qoyulmuş, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Xocalı Soyqırımı haqqında nitqlər söylənmiş və şəhidlərimizin ruhuna Yasin Surəsi oxunmuşdur.

Tələbələrimizin məzuniyyət tədbiri çərçivəsində son olaraq Qala Gecəsi təşkil olunmuşdur.

Gecəyə Səfirlik əməkdaşları, Türkiyə Respublikasının Təhsil Nazirliyinin yüksək vəzifəli rəsmiləri, Ali Təhsil Şurasının nümayəndələri, Türkiyənin qabaqcıl universitetlərinin rəhbər işçiləri, çox sayda elm adamı, və KİV nümayəndələri qatılmışlar. Gecədə məzun tələbələrimizə hədiyyələr təqdim olunmuş, məzunlarımız Azərbaycan musiqiləri ilə rəqs etmişlər və tədbir iştirakçılarına ziyafət verilmişdir.

Xəbər lenti

Xəbər lenti