...

Abşeron yarımadası Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılacaq

Cəmiyyət Materials 14 İyun 2011 17:21 (UTC +04:00)
Xəzər dənizi sahili boyunca modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi azalıb, bağırsaq çöplərinin miqdarı minimum həddə çatıb.
Abşeron yarımadası Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılacaq

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Xəzər dənizi sahili boyunca modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi azalıb, bağırsaq çöplərinin miqdarı minimum həddə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə Ibrahimova çərşənbə axşamı Trend-ə bildirib ki, Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında, "Amburan" çimərliyi ərazisində, Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 modul tipli çirkab sutəmizləyici qurğu quraşdırılıb. Artıq bu çimərlik ərazilərində çirklənmə dərəcəsi norma daxilindədir.

Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi nəticəsində Xəzər akvatoriyasının daha da təmizlənməsinə və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından birdəfəlik çıxarılmasına nail olunacaq.

Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə - Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Bu çimərliklər istisna olmaqla, sahil zolağındakı digər çimərliklər yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.

Xəbər lenti

Xəbər lenti