...

Azərbaycanda avtomobillərin arxa qapılarında quraşdırılmış jalüzün istifadəsi qaydalarına aydınlıq gətirilib

Cəmiyyət Materials 17 İyun 2011 19:04 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin Trend-ə müsahibəsi
Azərbaycanda avtomobillərin arxa qapılarında quraşdırılmış jalüzün istifadəsi qaydalarına aydınlıq gətirilib

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin Trend-ə müsahibəsi

- Kamran müəllim, sürücülərimiz üçün daha aydın olsun deyə, nəqliyyat vasitələrinin ban şüşələrinin tündləşdirilməsi, eləcə də pərdə və plyonkalarla bağlı standartlar barədə daha geniş şərh verərdiniz.

- Qanunvericilikdə avtomobillərin ban şüşələrinin görünüşü təmin etmə qabiliyyəti işıqburaxma faizi ilə müəyyənləşdirildiyindən bəzi sürücülər bu rəqəmləri şüşələrin tündlüyü kimi başa düşür və nəqliyyat vasitələrini də belə şüşələrlə təchiz edərək onları idarə edirlər. Bu çaşqınlıq və müəyyən edilmiş standartların düzgün qiymətləndirilməməsi bir çox hallarda sürücülərlə YPX inspektorları arasında anlaşılmazlığın, bəzən də münaqişənin yaranmasına səbəb olur. Belə xoşagəlməz halların qarşısını almaq məqsədilə bir daha avtomobil sürücülərinin və sahiblərinin nəzərinə çatdırılır ki, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr (alın şüşəsi) üçün - 75% dedikdə, qeyd olunan 75 rəqəmi şüşənin məhz işıqburaxma faizini bildirir və həmin şüşənin tündləşdirilməsi 25%-dən artıq olmamalıdır. Eyni ilə bu hədlər küləyə qarşı olmayan qabaq yan və arxa yan şüşələrə də aiddir. Yəni küləyə qarşı olmayan qabaq yan şüşələr üçün - 70% işıqburaxma qabiliyyəti müəyyənləşdirilibsə, onun tündlüyü 30%-dən, arxa yan şüşələr üçün isə - 60% işıqburaxma qabiliyyəti müəyyənləşdirilibsə, onun tündlüyü 40%-dən artıq olmamalıdır.

- Bəzi sürücülər tünd şüşələrin istehsalçı zavod tərəfindən quraşdırıldığını iddia edərək, DYP tərəfindən onlara qarşı irəli sürülən iddialarla razılaşmırlar. Onların bu iddiaları nə dərəcədə düzgündür?

- Hər bir dövlətin özünün qanunvericilik bazası var. Bizim ölkəmizin bu sahə ilə bağlı qanunvericiliklə nəzərdə tutulan standartları yuxarıda qeyd olunduğu kimidir və bu standartlar bir neçə dövləti çıxmaq şərti ilə Avropanın əksər ölkələrində qəbul olunmuş normalara uyğundur. Bu gün respublikamıza bir çox ölkələrdən, o cümlədən ABŞ-dan da müxtəlif marka və modelli minik avtomobilləri idxal olunur. Lakin bəzi iş adamları və ayrı-ayrı fiziki şəxslər həm satış, həm də özlərinin istifadəsi üçün sifariş əsasında ölkəmizdə müəyyən edilmiş standartlara cavab verməyən nəqliyyat vasitələrini gətirərək ondan istifadə etməklə həm özlərinə, həm də DYP əməkdaşlarına problemlər yaradırlar. Amma nəzərə almaq lazımdır ki, kiminsə avtomobildə özü üçün komfort hesab etdiyi bir detal, hərəkətin təhlükəsizliyinin təmin olunmasına mənfi təsir gəstərməməli və hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmamalıdır.

- Bəs bu cür maşın gətirmiş sürücülər nə etməlidirlər?

- Əgər ölkə qanunları belə avtomobillərin istismarına yol vermirsə, onlardan həmin ölkənin ərazisində istifadə olunmamalıdır və hansısa sürücü buna cəhd edərsə, o, qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb ediləcək. Ona görə də belə nəqliyyat vasitəsinin sahibi həmin avtomobili gətirməzdən və ya sifariş etməzdən əvvəl düşünməlidir. Belə vəziyyətlə rastlaşmış sürücülərin isə çıxış yolu ya avtomobilini mövcud standartlara uyğun şüşələrlə təchiz edərək onu qanunla tələb olunan vəziyyətə gətirmək, ya da həmin avtomobillərdən istifadə etməməkdir.

- Bəs minik avtomobillərinin arxa qapılarında zavod istehsalı olan pərdələrin və ya jalüzlərin vurulmasına icazə verilirmi?

- "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavədə göstərilir ki, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş, yəni küləyə qarşı alın, küləyə qarşı olmayan qabaq və arxa qapıların yan şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır və istənilən istehsalçı zavod tərəfindən avtomobilin arxa qapısında quraşdırılmış jalüzün işıqburaxma qabiliyyəti 60%-dən az olduğu üçün onların istifadəsinə yol verilmir. Təəssüflə qeyd etməliyik ki, qanunun bu müddəasını bəzən sürücülər ya düzgün qiymətləndirmir, ya da bilərəkdən pozur.

- Belə avtomobilləri idarə edən sürücüləri hansı məsuliyyət gözləyir?

- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406.1.6-cı maddəsinin tələbinə müvafiq olaraq, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır və həmin nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan dayanacağına gətirilir. Həmin məcəllənin 407.3-cü maddəsinin tələbinə uyğun olaraq nəqliyyat vasitəsinin saxlanılması səbəbi aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin dayanacağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.

Onu da qeyd edək ki, məcəllənin 155.2.4-cü maddəsinin tələbinə müvafiq olaraq, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə nəqliyyat vasitələrinin sürücüləri 20 manatdan 30 manatadək miqdarda cərimə edilirlər.

Xəbər lenti

Xəbər lenti