...

Azərbaycanın orta məktəb müəllimlərinin dərs bölgüsünə məhdudiyyətlər qoyulacaq

Cəmiyyət Materials 28 İyun 2011 14:07 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində çalışan müəllimlərin yeni tədris ili üçün dərs bölgüsü zamanı müəyyən məhdudiyyətlər qoyulacaq.
Azərbaycanın orta məktəb müəllimlərinin dərs bölgüsünə məhdudiyyətlər qoyulacaq

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində çalışan müəllimlərin yeni tədris ili üçün dərs bölgüsü zamanı müəyyən məhdudiyyətlər qoyulacaq. Təhsil Nazirliyinin (TN) Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov çərşənbə axşamı Trend-ə bildirib ki, bu il orta məktəblərdə çalışan müəllimlərin həftəlik dərs yükü 24 saatdan çox olmayacaq.

"Orta məktəblərdə çalışan müəllimlərin həftəlik iş yükünün 24 saat olması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var. Bu qərar yeni tədris ili üçün dərs yükünün bölgüsündə nəzərə alınacaq. 24 saat normal dərs yüküdür. Vacib deyil ki, bütün müəllimlərə 24 saat dərs yükü verilsin. Müəllimlər üçün 24 saat maksimum dərs saatı kimi nəzərdə tutulub. Yenə də hansısa müəllim həftədə 12, hansısa müəllim 15 saat dərs deyəcək", - Qədirov əlavə edib.

Nazirlik rəsmisi hesab edir ki, bu yeniliyin tətbiqi orta məktəblərdə müəllimlər üçün elə ciddi problem yaratmayacaq və müəllimlər arasında ixtisarların aparılmasına səbəb olmayacaq.

Qədirovun fikrincə, əksinə, yeniliyin tətbiqi nəticəsində həftədə 24 saatdan artıq dərs deyən müəllimlərin sayı çox olan orta məktəblərdə əlavə müəllimlərə ehtiyac yarana bilər.

"Bununla əlaqədar konkret hansı məktəblərdə əlavə müəllimə ehtiyac yaranması ilə bağlı bizə hələ müraciət daxil edilməyib. Əgər məktəblərdə belə ehtiyac yaranıbsa, bu, orta məktəblərin vakansiyaları hazırlanarkən nəzərə alınıb", - TN rəsmisi deyib.

Qədirov bildirib ki, bu il orta məktəblərdə 2000-ə qədər vakansiyanın olması barədə TN-ə məlumat daxil olub.

Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" qərarına görə, məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı 30 saat olmalıdır.

Ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində isə tərbiyəçi-müəllimlərin həftəlik iş yükü 24 saat müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti