...

"Roma-Katolik Kilsəsinin Apostol Prefekturası" dini qurumu dövlət qeydiyyatına alınıb

Cəmiyyət Materials 7 İyul 2011 17:17 (UTC +04:00)
Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
"Roma-Katolik Kilsəsinin Apostol Prefekturası" dini qurumu dövlət qeydiyyatına alınıb

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir K.Zərbalıyeva/

"Roma-Katolik Kilsəsinin Apostol Prefekturası" dini qurumu dövlət qeydiyyatına alınıb.

Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Komitədən bildirilib ki, bu gün "Roma-Katolik Kilsəsinin Apostol Prefekturası" dini qurumuna dövlət qeydiyyatına alınması barədə Şəhadətnamə təqdim edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun, Müqəddəs Taxt-tacın Azərbaycandakı apostolik nunsisi Kladio Qucerottinin və Roma-Katolik kilsəsinin ölkəmizdəki ordinarisi Vladimir Feketenin iştirakı ilə keçirilən təqdimatda katolik dini icmasının dövlət qeydiyyatına alınması əlamətdar hadisə kimi qiymətləndirilib.

Qucerotti bildirib ki, Azərbaycandan sonra Müqəddəs Taxt-tac da iyulun 6-da "Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında" Sazişi ratifikasiya edib və beləliklə, həm Vatikan, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıyan tarixi hadisə gerçəkləşib.

Sazişin ratifikasiyasından sonra Katolik dini qurumunun dövlət qeydiyyatına alınmasına və katoliklər üçün yaradılmış şəraitə görə, Azərbaycan hökumətinə, eləcə də Dövlət Komitəsinə minnətdarlığını bildirən Qucerotti Azərbaycanın tolerantlıq prinsiplərinə həmişə sadiq qaldığını qeyd edib.

O deyib ki, Müqəddəs Taxt-tacın Azərbaycanla imzaladığı saziş bu qəbildən olan ilk sənəddir.

"Azərbaycan necə tolerant ölkə olduğunu bir daha təsdiqlədi. Artıq bütün dünya bunun şahididir. Əminəm ki, beynəlxalq aləmdə müsbət əks-səda doğuran bu sənəd böyük tarixi hadisə kimi yaddaşlarda qalacaq. İlk gündən mətbuatın reaksiyası da bunu deməyə əsas verir. Mən bütün bunlara görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə Müqəddəs Taxt-tac adından dərin təşəkkürümü bildirirəm", o deyib.

Azərbaycanın zəngin tolerantlıq ənənələrinə malik olduğunu önə çəkən Hidayət Orucov isə ölkədə bütün dinlərin mənsublarına, o cümlədən katoliklərə öz inanclarına uyğun yaşamaları üçün hər cür şərait yaradıldığını bildirib.

Dövlət Komitəsinin sədri deyib ki, başqaları üçün örnək olan sazişin Azərbaycanla Vatikan arasında imzalanmasına təbii yanaşmaq lazımdır.

"Lakin çalışmalıyıq ki, münasibətlər daha da inkişaf etsin. Azərbaycan tolerantlıq prinsiplərinə sonadək sadiqdir. Bunun sübutu Vatikanla imzalanmış sazişdir. Əminəm ki, Azərbaycan həmişə örnək ölkə kimi qalacaqdır. Çünki bu, dövlətimizin və Prezidentimizin xidməti və siyasi xəttidir".

Azərbaycanda 513 dini icma qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti