...

Azərbaycanın gənc şahmatçısı dünya şöhrətli qrossmeysterləri mat qoydu (FOTO)

Cəmiyyət Materials 15 İyul 2011 10:23 (UTC +04:00)
Azərbaycanın doqquz yaşlı şahmat üzrə FIDE ustası Abdulla Qədimbəylinin Trend-ə müsahibəsi
Azərbaycanın gənc şahmatçısı dünya şöhrətli qrossmeysterləri mat qoydu (FOTO)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın doqquz yaşlı şahmat üzrə FIDE ustası Abdulla Qədimbəylinin Trend-ə müsahibəsi

- Son dəfə iştirak etdiyin "5-ci Varna açıq şahmat yarışları" (5th Varna Open) haqqında qısa məlumat verə bilərsənmi?

- "5-ci Varna açıq şahmat yarışları" Bolqarıstanın Varna şəhərində keçirilirdi. Yarışlar iyulun 3-dən 11-ə qədər keçirildi. Yarışlara dünyanın müxtəlif ölkələrindən 77 şahmatçı qatılmışdı. İştirakçılar arasında dünyaca məşhur olan şahmatçılar da var idi. Həmin insanlarla görüşlər keçirmək çətin idi, ancaq mən keçirdiyim görüşləri uğurla sona çatdırdım.

- Varnada keçirilən yarışlarda sən nə kimi uğurlar əldə edə bildin?

- Həmin yarışlarda mən öz hesabıma 114 xal əlavə edə bildim ki, bu da gələcəkdə qrossmeyster olmağım üçün olduqca vacibdir. Yarışın yekun siyahısında 77 nəfər idmançı arasında 12-ci yeri tuta bildim. Öz reytinq xalımı 1824-dən 1938-ə çatdıra bildim. Mən yarışlara daxil olarkən 41-ci yerdə idim. Oyunların nəticəsində isə 12-ci yerə qədər qalxa bildim. Lyuben Spassov, Olqa Strajkina kimi qrossmeysterlər, Aleksandr Qranovski, Valentin Pabukçian kimi beynəlxalq ustaların reytinq xalları məndən qat-qat yüksək olsa belə, yarışlarda məndən aşağı pillələrdə qərarlaşmalı oldular. Bu halı mən öz uğurum hesab edirəm. Mən həm də belə bir yarışa qatılmaqla, dünya şöhrətli şahmatçılarla qarşılaşmaq imkanı əldə etdim. Güclü şahmatçılarla oynayıb onlara qalib gəlməyim reytinq xalımı birdən-birə 114 xal artırdı.

- Neçə oyun keçirdin və həmin oyunlardan hansı nəticələrlə ayrıldın?

- Ümumilikdə 9 oyun keçirdim. Həmin oyunların dördündən qələbə ilə ayrıldım, dördündən isə heç-heçə ilə. Bir oyunda məğlub oldum. Məğlubiyyətimin əsas səbəbi isə zəif oynamağım yox, saatın düyməsini vaxtında basmamağım oldu. Oyunun həyəcanından saatın düyməsini vaxtında basmadım və bu səbəbdən də məğlub oldum. Ancaq keçirdiyim bütün oyunların hamısı güclü şahmatçılarla idi. Demək olar ki, zəif şahmatçı ilə heç qarşılaşmadım. Bu cür oyunların qaydalarına görə, mənim qalib gəldiyim oyunçu yenidən kimisə məğlub edirsə, o zaman mənim hesabıma xal gəlir. Əgər mənim məğlub olduğum oyunçu, hətta üç oyundan sonra belə məğlub olursa, bu mənim hesabımdakı xalların silinməsi ilə nəticələnir. Mən oyunların əksəriyyətindən qələbə və heç-heçə ilə ayrıldığıma görə mənim hesabımdakı xallar artdı.

Bundan əlavə, yarışların nəticələrinin elan olunduğu siyahıda məndən sonra 27-ci adama qədər hamının xalı 2000-dən yuxarıdır. Mənim isə 1938 xalım var. Performans baxımından mənim həmin yarışlarda oyunum 2300 xal kimi dəyərləndirilib. Mənim faktiki olaraq 2300 xalım olmasa da oyunumu 2300 kimi dəyərləndiriblər. Bu xal isə artıq qrossmeyster səviyyəsində olan şahmatçıların xalıdır.

- Ən yadda qalan oyun kiminlə keçirilən oyun idi?

- Rəqiblərim arasında ən yaşlı şahmatçının 68 yaşı, ən gənc şahmatçının isə 14 yaşı var idi. Yadımda qalan ən maraqlı oyun elə Bolqarıstandan olan 68 yaşlı qrossmeyster Liben Spassov və bolqarıstanlı beynəlxalq usta, 17 yaşlı Kiprian Berbatov ilə keçirilən oyunlar idi. Hər iki oyun intenrnet vasitəsilə canlı olaraq yayımlanırdı. Mənim Berbatov və Spasov ilə oyunlarım Sank-Peterburq şahmat məktəbinin müəllimlərinin ən xoşuna gələn oyun oldu. Buna görə də həmin oyunu öz dərs proqramlarına salacaqlarını dedilər.

Qrossmeyster Spassov ilə keçirilən oyun da həyəcanlı keçdi. Oyun heç-heçə ilə nəticələnsə də, Spassov mənə dedi ki, mən bu yaşıma gəlmişəm, amma bu cür istedadlı şahmatçı hələ görməmişəm.

Mən qrossmeysterlərlə oynayarkən özümü daha rahat hiss edirəm. Çünki zəif oyunçularla şahmat oynayarkən onların kortəbii oyunu məni çaşdırır, ancaq güclü şahmatçıların hansı məqamda, hansı oyunu oynayacağını təxmin edə bilirəm. Ona görə də mənim üçün qrossmeysterlərlə oyun daha rahat və maraqlı olur.

- "5-ci Varna açıq şahmat yarışları" ilə yanaşı, eyni vaxtda Varna şəhərində "Varna summer" adlı uşaqlar arasında çempionat keçirilirdi. O yarışlarda da iştirak etdinmi?

- "Varna summer" yarışlarında 12 yaşına qədər şahmatçılar arasında komanda yarışı keçirilirdi. Həmin yarışlarda Belarus, Rusiya, Bolqarıstan, Makedoniya komandaları və Rusiyanın bir neçə respublikasının komandaları iştirak edirdilər. Həmin yarışlarda Azərbaycanı təmsil edən "Bakı Şahmat Məktəbi - 1" komandasına mən başçılıq edirdim, yəni komandanın kapitanı mən idim. Azərbaycan komandası həmin yarışlarda birinci yeri tutmağa nail oldu.

- Qarşıda duran məqsədlərin nədən ibarətdir?

Mən dünya çempionu olandan sonra mənə FIDE ustası titulu verildi. Hazırda mənim qarşımda duran məqsəd qrossmeyster olmaqdır. Bunun üçün isə hesabımda olan reytinq xallarını ən azı 2300-ə çatdırmalıyam. Bu da asan iş deyil. Xallarımı artırmaq üçün gərək yüksəkreytinqli şahmatçılarla oynayım və onlara qalib gəlim. Buna görə də gələcəkdə açıq şahmat çempionatlarına qatılmağı düşünürəm. Çünki açıq çempionatlarda qrossmeysterlərlə oynamaq imkanı daha çox olur. Reytinq xalı mənimlə bir olan şahmatçılara qalib gəlməklə öz xalımı çox artıra bilməyəcəm, amma qrossmeysterlərə qalib gəlsəm, xallarımı az bir vaxtda artıra biləcəm. Ona görə də istəyirəm ki, daha güclü şahmatçılarla görüşlər keçirim.

Xəbər lenti

Xəbər lenti