...

Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı keçiriləcək

Cəmiyyət Materials 23 İyul 2011 12:14 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 15-dən işə başlayan Qəbələ III Beynəlxalq Musiqi Festivalı davam edir.
Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı keçiriləcək

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir İ.İsabalayeva/

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 15-dən işə başlayan Qəbələ III Beynəlxalq Musiqi Festivalı davam edir. Trend-in məlumatına görə, artıq festival çərçivəsində pianoçuların II beynəlxalq müsabiqəsinin final mərhələsi yekunlaşıb.

Müsabiqənin qalibi Andrey Yaroşinski (Rusiya) 30 min dollar pul mükafatı alıb. Müsabiqədə ikinci yeri tutan pianoçular - Mizuho Nakada (Yaponiya), Ketevan Cakarataşvili (Gürcüstan) və üçüncü yerin sahibi Anna Kipiani (Gürcüstan) 10 min dollar pul mükafatı alıblar. Bundan əlavə, müsabiqənin finalında uğurla iştirak etmiş digər gənc pianoçulara həvəsləndirici mükafatlar təqdim olunub.

Festival bu gün Manana Doidjaşvili (piano), Simon Blendis (violin), Timoti Gill (cello), Eynar Stin, Nokleberq (piano), Joaquin Soriano (piano), Gülnaz İsmayılova (soprano), Əvəz Abdullayev (bariton), Səbinə Əsədova (messo-soprano), Yusif Eyvazov (tenor), Aleksey Miltıx (cello), Səidə Tağızadə (piano) İlahə Sadıxzadə (piano), Kəmalə Neymanovanın (piano) ifaları ilə davam edəcək.

İyulun 24-də Nina Koqan (piano), Fəridə Məmmədova (soprano), İlahə Sadıxzadə (piano),
Simon Blendis (violin), Timoti Gill (cello), Judiç Busbridgenin (viola) ifaları ilə yanaşı, açıq səhnədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin də musiqiləri səslənəcək.

İyulun 25-də də açıq səhnədə tədbir iştirakçılarına Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin musiqiləri təqdim ediləcək.

İyulun 26-da Yeganə Axundova (piano), Səidə Tağızadə (piano), Nina Koqan (piano), Ülviyyə Hacıbəyova (piano), Validə Rəsulovanın (piano) təqdimatında Piano duetləri ilə yanaşı, açıq səhnədə İsrail balet qrupu "Rooster" xoreoqrafik tamaşasını nümayiş etdirəcək.

İyulun 30-da açıq səhnədə Qəbələ III Beynəlxalq Musiqi Festivalının açılışı - qala-konsert olacaq. Həmin gün "Yeni Rusiya" Simfonik Orkestri çıxış edəcək. Orkestrin solistləri Sergey Leiferkus (bariton), Anna Samuil (soprano), Massimiliano Pisapia (tenor), Alyona Bayeva (violin) olacaq. Konsertdə S.Prokofyevin, V.A.Mosartın, Ş.Qunonun, C.Puççininin, C.Verdinin, S.Raxmaninovun, A.Pyazzolanın, Q.Qarayevin əsərləri səslənəcək.

Avqustun 1-də isə Ağdaş şəhərində festivalın səyyar konserti keçiriləcək. Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, Azərbaycan xalq mahnıları və təsnifləri ifa ediləcək.

Avqustun 3-də Şəki şəhərində festivalın daha bir səyyar, avqustun 5-də isə yekun konserti keçiriləcək. Yekun konsertdə Dmitri Yablonskinin dirijorluğu ilə "Yeni Rusiya" Simfonik Orkestrinin təqdimatında F.Listin əsərləri səsləndiriləcək.

2009-2010-cu illərdə Heydər Əliyev Fondu tərəfindən Qəbələdə I və II Beynəlxalq Musiqi Festivalı keçirilib. Bu festivallar ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edib.

Xəbər lenti

Xəbər lenti