Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İ.İsabalayeva/
Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen iyulun 28-də Bakıya səfər edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, iyulun 31-də yekunlaşacaq səfər çərçivəsində Kelemenin Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən qəbulu planlaşdırılır.
Görüş zamanı Azərbaycan ilə Rumıniya arasında mədəniyyət sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, dinamik inkişafı, təcrübə mübadiləsi, beynəlxalq layihələrdə birgə iştirak və s. mövzular müzakirə olunacaq. Eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Bakıya səfər zamanı nazir Hunor Kelemenin Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət etməsi, İncəsənət Muzeyinə baxış keçirməsi, İçərişəhər Dövlət Qoruğu ilə tanış olmağı, həmçinin Qəbələ Beynəlxalq Musiqi Festivalında qonaq qismində iştirak etməyi planlaşdırılır.