...

Azərbaycanda son 35 ildə ilk dəfə olaraq buzlağın tədqiqinə başlanılıb

Cəmiyyət Materials 27 İyul 2011 18:38 (UTC +04:00)
Ekologiya Nazirliyinin 5 nəfərdən ibarət ekspedisiya qrupu tərəfindən son 35 ildə ilk dəfə olaraq Tufandağ ərazisindəki Mahmuddərə çayının mənbəyində yerləşən buzlağın tədqiqinə başlanıb.
Azərbaycanda son 35 ildə ilk dəfə olaraq buzlağın tədqiqinə başlanılıb

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir T.Hacıyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 nəfərdən ibarət ekspedisiya qrupu tərəfindən son 35 ildə ilk dəfə olaraq Tufandağ ərazisindəki Mahmuddərə çayının mənbəyində yerləşən buzlağın tədqiqinə başlanıb. Bu barədə çərşənbə günü Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

İbrahimova deyib ki, nazirliyin Milli Hidrometeorologiya Departamentinin əməkdaşları tərəfindən başlanan tədqiqatlar nəticəsində 3300 metrdən 4000 metrə qədər hündürlükdə olan buzlağın yerləşmə ərazisinin planı tərtib olunacaq və buzlağın ölçüsü, sahəsi, həcmi, dəqiq koordinatları müəyyən ediləcək. Buzlağın dinamikasının öyrənilməsi üçün onun ərazisi xüsusi tamasaların köməyi ilə işarələnəcək.

Tədqiqat işləri Azərbaycan Prezidentinin 2008-ci il 27 dekabr tarixli "Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin kompleks hidrometeoroloji və ekoloji tədqiqatı ilə bağlı tədbirlər haqqında" sərəncamının icrasına uyğun olaraq həyata keçirilir.

Tədqiqatların məqsədi qlobal iqlim dəyişmələrinin - qlobal istiləşmənin Azərbaycandakı buzlaqlara və buzlaqlarla qidalanan çayların su ehtiyatlarına təsirinin qiymətləndirilməsidir. Buzlaqların dəyişmə dinamikasını müəyyənləşdirmək üçün oxşar tədqiqatlar hər il davam etdiriləcək və aparılan ekspedisiya işləri buzlaqların kütlə balansının hesablanmasına imkan verəcək.

Hazırda ərazidəki meteoroloji şərait Şahdağ, Tufandağ və Şahdüzündə quraşdırılan avtomat meteoroloji stansiyaların köməyi ilə müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti