Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda azadlığın məhdudlaşdırılması cəzasının ləğvindən sonra bu cəzaya məhkum olunmuş əksər məhkumların cəzalarının çəkilməmiş hissəsi digər cəzalarla əvəzlənib.
Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov cümə axşamı Trend-ə bildirib ki, həmin məhkumların cəzalarının islah işləri və ya cərimə cəzaları ilə əvəzlənməsi üçün onların işləri məhkəmələrə göndərilib.
Rəis müavininin sözlərinə görə, son 20 gündə məhkəmələr əksər məhkumların işinə baxaraq onların cəzasını digər cəzalarla əvəzləyiblər.
Bu prosesin 6 ay müddətində yekunlaşdırılmasının nəzərdə tutulduğunu deyən Əlixanov Azərbaycanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 minə yaxın məhkumun olduğunu bildirib.
Cinayət Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə görə, məhkəmələr bu cəzaya məhkum olunmuş şəxslərin ərizəsi və ya cəzanı icra edən müəssisənin təqdimatı əsasında məhkumların işlərinə yenidən baxmalıdırlar.
Yeni dəyişikliklərə görə, Məcəlləyə əlavə və dəyişikliklər qüvvəyə mindiyi günədək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmadıqda, 1 gün azadlığın məhdudlaşdırılmasına 1 gün islah işləri hesablanmaqla, islah işləri cəzası ilə və ya 300 manatdan 500 manatadək cərimə cəzası ilə əvəzlənməlidir.
Bu cəzanın çəkilməmiş hissəsi 1 ildən 2 ilədək olduqda 1 gün azadlığın məhdudlaşdırılmasına 1 gün islah işləri hesablanmaqla, islah işləri cəzası ilə və ya 500 manatdan 800 manatadək miqdarda cərimə cəzası ilə əvəzlənməlidir.
Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 2 ildən artıq olduqda isə 800 manatdan 1000 manatadək miqdarda cərimə cəzası ilə əvəzlənməlidir.