...

Ekologiya Nazirliyi isti hava şəraiti ilə əlaqədar operativ iş rejiminə keçib

Cəmiyyət Materials 29 İyul 2011 16:59 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraiti ilə əlaqədar Bakıda və Abşeron yarımadasında yerləşən hidrometeoroloji stansiyalarda operativ iş rejiminə keçib.
Ekologiya Nazirliyi isti hava şəraiti ilə əlaqədar operativ iş rejiminə keçib

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraiti ilə əlaqədar Bakıda və Abşeron yarımadasında yerləşən hidrometeoroloji stansiyalarda operativ iş rejiminə keçib. Nazirliyin mətbuat xidmətindən çümə günü Trend-ə verilən məlumata görə, bu stansiyalarda saat 11:00-dan 17:00-dək ənənəvi olan 3 saatlıq müşahidələrlə yanaşı, hər saatdan bir maksimal temperatur üzərində müşahidələr aparılır.

Nazirlikdən bildirilib ki, son günlər ərzində respublikada maksimal temperatur çoxillik norma ilə müqayisədə 5 dərəcəyədək yüksəkdir, Bakı və Abşeron yarımadasında 40-41, bəzi Mərkəzi Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 41-42 dərəcə isti qeydə alınıb.

Avqustun 3-dək ölkə ərazisində anomal isti hava şəraitinin davam edəcəyi, Bakı və Abşeron yarımadasında havanın temperaturunun 38-40, bəzi ərazilərdə 42, Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 38-42 dərəcə isti olacağı, bəzi yerlərdə 44 dərəcəyədək, dağlıq rayonlarda isə 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.

İyul ayının 30-31-də gündüz saatlarında Bakıda və Abşeron yarımadasında isti cənub küləyinin sürəti bir qədər artacaq, buna görə də maksimal temperatur 39 dərəcəyə yaxın olacaq, lakin avqust ayının 1-2-də yenidən temperaturun 40-42 dərəcəyədək yüksələcəyi gözlənilir.

Yüzillik meteoroloji müşahidələrə görə, ölkə ərazisində ən yüksək temperatur 2000-ci ildə qeydə alınıb. Həmin il avqustun əvvəlində Naxçıvan Muxtar Respublikasında havanın temperaturu 46 dərəcə, Mərkəzi Aran rayonlarında isə 43 dərəcə olub.

Azərbaycanın coğrafi mövqeyi və iqlimi üçün yayın isti keçməsi səciyyəvidir, lakin 100 illik meteoroloji müşahidələrə görə, son illər yay dövründə, xüsusən də iyul-avqust aylarında anomal isti günlərin sayı artır, "isti dalğaların" davamiyyəti daha uzunmüddətlidir.

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, son 10-15 il ərzində dünyada baş verən iqlim dəyişmələri nəticəsində qlobal miqyasda temperaturun artması müşahidə olunur. Bütün instrumental müşahidələrə görə bu dövr ən isti dövr kimi qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti