...

Azərbaycanda deputatlığa keçmiş namizədin məhkəməsi şahidlərin dindirilməsi ilə davam edib

Cəmiyyət Materials 3 Avqust 2011 18:20 (UTC +04:00)
Parlament seçkilərində namizədliyini irəli sürmüş Vidadi İsgəndərovun barəsində cinayət işi üzrə məhkəmə baxışı davam edir.
Azərbaycanda deputatlığa keçmiş namizədin məhkəməsi şahidlərin dindirilməsi ilə davam edib

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Parlament seçkilərində namizədliyini irəli sürmüş Vidadi İsgəndərovun barəsində cinayət işi üzrə məhkəmə baxışı davam edir.

Trend-in məlumatına görə, 2010-cu ildə keçirilmiş parlament seçkiləri zamanı 89 saylı Ağdaş-Göyçay seçki dairəsinin seçki məntəqələrində seçkini pozmağa yönəlmiş hərəkətlər etmiş Vidadi İsgəndərovun barəsində cinayət işinin məhkəmə baxışı avqustun 3-də Göyçay rayon məhkəməsində davam etdirilib.

Seçki günü - 7 noyabr 2010-cu il tarixdə Vidadi İsgəndərov başına topladığı bir qrup şəxslə həmin dairənin 2, 16 və 17 saylı məntəqələrinə gələrək seçki komissiyalarının fəaliyyətinə qanunsuz müdaxilə edib, komissiya üzvləri, müşahidəçilər və seçicilərə qarşı zor tətbiq etməklə, onları hədələyərək yüzlərlə seçki bülletenlərini oğurlayıb aparıb, müşahidəçi Araz Ələkbərova bədən xəsarəti yetirib.

Məhkəmə baxışının ilk günlərdən Vidadi İsgəndərovun proses iştirakçılarına, zərər çəkmiş şəxslərə və şahidlərə təzyiqlər göstərməsi, məhkəmə zalında olan şəxsləri təhqir etməsi, onlara qarşı hədələr yağdırmaqla onları öz ifadələrindən çəkindərməyə çalışması ilə müşahidə olunur.

Məhkəmə iclaslarında bəzi təəccüb doğuran açıqlamalar olub. Belə ki, dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov ifadəsində açıqlayıb ki, Vidadi İsgəndərov deputatlığa namizəd kimi qeydə alınması zamanı müvafiq sənədlər tərtib edərkən özünü əvvəl Daşnaksutyun, sonra isə faşist partiyasının üzvü kimi təqdim edib, yalnız Azərbaycanda belə partiyaların mövcud olimadığı bildirildikdə o, özünü müstəqil namizəd kimi qeyd edib. Şahid həmçinin göstərib ki, Vidadi İsgəndərov ilk gündən bəyan edib ki, onun məqsədi parlamentə seçilmək deyil, seçkini pozmaq olub.

Bu gün keçirilən məhkəmə iclasında da İsgəndərovun açıq-aşkar göstərdiyi təzyiqlərə baxmayaraq zərərçəkmişlər Şahnaz Azadova və Səhər Əliyeva təsdiq ediblər ki, seçki məntəqəsində bir qrup şəxs tərəfindən seçkilərin pozulması nəticəsində onlar səs verə bilməyiblər.

Həmin gün dindirilmiş şahidlər Ələsgər Rüstəmov və Qənimət Əhmədova isə bildiriblər ki, seçki günü öz dəstəsi ilə 17 saylı məntəqəyə hücum etmiş Vidadi İsgəndərov özünü əsl "Rusiya skinxeti" kimi apararaq komissiya üzvlərini və vətəndaşları söyüb təhqir edib, onlara qarşı zor tətbiq etməklə bir saatdan artıq müddət ərzində seçkini pozub.

Məhkəmə prosesində ifşa olunduğunu görən Vidadi İsgəndərov şahid Ələsgər Rüstəmovun "başınını kəsdirəcəyi" ilə hədələyib, dövlət ittihamçısının etirazına əsasən məhkəmə tərəfindən ona şahid və zərərçəkmişlərə təziq etdiyinə, məhkəmə qaydalarını pozduğuna görə xəbərdarlıq edilib.

Xəbər lenti

Xəbər lenti