...

Azərbaycan Səhiyyə Nazirliyi bir sıra apteklərin fəaliyyətində nöqsanlar aşkarlayıb

Cəmiyyət Materials 11 Avqust 2011 14:20 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə reydlər keçirib
Azərbaycan Səhiyyə Nazirliyi bir sıra apteklərin fəaliyyətində nöqsanlar aşkarlayıb

Azərbaycan, Bakı, 11 avqust /Trend /

Azərbaycan Səhiyyə Nazirliyi fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə reydlər keçirib. Trend-in məlumatına görə, bu barədə Nazirlikdən bildirilib.

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən 2011-ci ilin 6 ayını əhatə edən yoxlamalar ümumilikdə respublika üzrə 59 aptekə keçirilib. Bunlardan 12 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 39 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 8 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanıb.

Nazirlikdən bildirilib ki, aşkar olunan qeyri-qanuni apteklərin fəaliyyətləri dayandırılıb.

Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 3 aptekə inzibati xətalar məcəlləsinin 64.1. maddəsi ilə protokollar tərtib edilib.

Həmçinin keçirilən reydlər nəticəsində istifadə müddəti bitmiş 12 qutu dərman preparatları aşkarlanaraq müsadirə edilib.

Son altı ay ərzində 492 adda dərman vasitəsi dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikasının Dövlət Reyestrinə salınıb. Hal-hazırda Dövlət Reyestrində 3940 adda dərman vasitəsi vardır ki, bunların da ölkə ərazisinə idxalına və istifadəsinə icazə verilib.

Xəbər lenti

Xəbər lenti