...

Türkiyənin "Fənərbağça" klubu arbitraj kollegiyasına müraciət edib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 25 Avqust 2011 13:12 (UTC +04:00)
Türkiyənin "Fənərbağça" futbol klubunun Direktorlar Şurası komandanın 2011-2012-ci il mövsümündə UEFA Çempionlar Liqasında iştirak edə bilməyəcəyi barədə TFF-nin qərarının dəyişdirilməsi üçün arbitraj kollegiyasına müraciət edib.
Türkiyənin "Fənərbağça" klubu arbitraj kollegiyasına müraciət edib (ƏLAVƏ OLUNUB)

Arbitraj kollegiyasına müraciət edilməsi barədə məlumat əlavə olunub (ilk xəbər 11:51-də yayılıb)

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Türkiyənin "Fənərbağça" futbol klubunun Direktorlar Şurası komandanın 2011-2012-ci il mövsümündə UEFA Çempionlar Liqasında iştirak edə bilməyəcəyi barədə TFF-nin qərarının dəyişdirilməsi üçün arbitraj kollegiyasına müraciət edib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazır.

"Fənərbağça"nın vəkillərindən biri Haluk Burcuoğlu bəyan edib ki, klub çıxarılmış qərarın ədalətsiz olduğunu sübut etmək üçün bütün instansiyalara müraciət etmək niyyətindədir.

Dünən Anadolu agentliyi Türkiyə Futbol Federasiyasının (TFF) bəyanatına istinadən xəbər verib ki, "Fənərbağça" Çempionlar Liqasında iştirak edə bilməyəcək.

Çərşənbə axşamı TFF-yə göndərilən məktubda UEFA bəyan edib ki, "Fənərbağça" danışılmış oyunların təşkili ilə bağlı işin araşdırılması səbəbindən bu mövsüm Çempionlar Liqasındakı oyunlardan imtina etməlidir.

"Çərşənbə günü TFF İcraiyyə Şurası növbədənkənar iclasında "Fənərbağça"ya, eləcə də TFF-yə qarşı tətbiq edilə biləcək ağır intizam sanksiyalarını nəzərə alaraq, "Fənərbağça"ya Çempionlar Liqasında iştirakı qadağan etmək barədə qərar qəbul edib", - federasiyanın bəyanatında deyilir.

Danışılmış oyunların təşkilində şübhəli bilinən futbol məmurlarının saxlanılması üzrə polisin əməliyyatı iyulun 3-də səhər tezdən Türkiyənin 12 əyalətində, o cümlədən İstanbul və Ankarada eyni vaxtda başlayıb.

Türkiyə telekanallarının məlumatına görə, "Fənərbağça"nın prezidenti 2010-2011-ci il mövsümündə İstanbul klubu ilə "Əskişəhərspor" komandası arasında keçirilən və "sarı-lacivərdlər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşan razılaşdırılmış oyunla bağlı işin araşdırılması çərçivəsində saxlanılıb.

Türkiyə KİV-i saxlanılanların sayının artacağını istisna etmir. Bunun hətta 150-dək yüksələcəyi deyilir. Lakin bu məlumat hələ ki rəsmi mənbələrdən təsdiqlənməyib.

Bu, türk polisinin futbolda korrupsiyaya qarşı həyata keçirdiyi ikinci böyük əməliyyatdır. "Hürriyət" qəzetinin internet saytı xatırladır ki, 2010-cu ilin mart-aprelində Türkiyənin məşhur məşqçilərinin və futbolçularının olduğu 55 nəfər nəzarətə alınmışdı.

Xəbər lenti

Xəbər lenti