...

Azərbaycanda təxminən 26 min şagird payız buraxılış imtahanlarında iştirak edəcək

Cəmiyyət Materials 2 Sentyabr 2011 10:47 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi bu gündən respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının keçirilməsinə başlayır.
Azərbaycanda təxminən 26 min şagird payız buraxılış imtahanlarında iştirak edəcək

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi bu gündən respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının keçirilməsinə başlayır. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirilmə şöbəsinin müdiri Təranə Hacıyeva Trend-ə bildirib ki, payız imtahanlarının keçirilməsi sentyabrın 10-dək davam edəcək. İmtahanlar 7 bölgədə keçiriləcək.

Payız imtahanlarında 2010/2011-ci dərs ilində ümumi orta təhsil səviyyəsi üzrə iyunda keçirilən buraxılış imtahanında müvəffəq qiymət ala bilməyən və buraxılış imtahanlarına buraxılmayan şagirdlər iştirak edəcəklər.

Hacıyevanın sözlərinə görə, payız imtahanlarında ümumilikdə 9-cu sinfi hələ bitirməmiş təxminən 26 min şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan 2 fənn üzrə keçiriləcək.

Nazirliyin şöbə müdir deyib ki, imtahanda şagirdlər riyaziyyatdan, Azərbaycan bölməsinin şagirdləri Azərbaycan dilindən, rus bölməsinin şagirdləri rus dilindən imtahan verəcəklər.

1,5 saat davam edəcək imtahanda şagirdlərə 50 sual təqdim ediləcək.

Hacıyevanın bildirdiyinə görə, payız imtahanında da qeyri-müvəffəq qiymət alan şagirdlər sinifdə qalmalı, yəni yenidən 9-cu sinfi oxumalıdırlar.

İmtahan Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında sentyabrın 2-də, Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında sentyabrın 5-də, Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında sentyabrın 6-da, Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında sentyabrın 7-də, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında sentyabrın 8-də, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında sentyabrın 9-da keçiriləcək.

Bakı şəhərində imtahan sentyabrın 10-da təşkil ediləcək.

İşğal altında olan rayonların ərazilərində yerləşən ümumtəhsil məktəbləri üçün buraxılış imtahanı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəblərində müəyyənləşdirilmiş tarixlərdə keçiriləcək.

Təlim gürcü dilində olan məktəblərin IX (X) siniflərində payız buraxılış imtahanlarının aparılması Təhsil Nazirliyi tərəfindən hazırlanmış imtahan materialları gürcü dilinə tərcümə edilməklə, müvafiq rayon təhsil şöbələrinə tapşırılıb.

Ümumi orta təhsil səviyyəsi üzrə payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq yekun qiymət hesab olunacaq.

Xəbər lenti

Xəbər lenti