...

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır - AŞPA-nın Komitə sədri

Cəmiyyət Materials 2 Sentyabr 2011 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinin tərəfdarıdır.

Trend-in Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, AŞPA-nın Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Purqurides bunu Azərbaycanın baş prokuroru Zakir Qaralovla görüşdə bildirib.

Qaralov Avropaya inteqrasiyanın rəsmi Bakının xarici siyasətinin əsas prioriteti olduğunu, AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırıb.

Baş prokuror Azərbaycanın məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin imzaladığı mütərəqqi qanunvericilik aktları, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün lazımi normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi, kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində görülən zəruri tədbirlər barədə ətraflı məlumat verib.

Qaralov qeyd edib ki, respublikada İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, prokurorluğun insan hüquqlarının qorunması istiqamətində apardığı işlər, o cümlədən Milli Fəaliyyət Planının icrası ilə əlaqədar konkret işlər görülür.

Baş prokuror Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həlli prosesinə toxunaraq, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasının zəruriliyini göstərən və bunu tələb edən BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının olduğunu, eyni zamanda, bir milyondan artıq qaçqın və məcburi köçkünün konstitusion hüquqlarının bərpası istiqamətində AŞPA-nın səylərinin artırılmasının vacibliyini diqqətə çatdırıb.

AŞPA ilə Azərbaycan arasındakı sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən Kristos Purqurides ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən qanunvericilik aktları üzrə Avropa Şurası ilə birgə görülən mühüm tədbirləri yüksək qiymətləndirib.

Qonaq təmsil etdiyi qurumun ölkəmizdə gedən demokratik prosesləri dəstəklədiyini xüsusi qeyd edib və bildirib ki, AŞPA bu sahədə hüquqi yardım göstərməyə daim hazırdır.

Xəbər lenti

Xəbər lenti