...

Təhsil Nazirliyi 65 yaşlı müəllimlərin işdən azad olunması ilə bağlı təhsil şöbələrinə yeni göstərişlər verib

Cəmiyyət Materials 3 Sentyabr 2011 12:09 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə işləyən yaşı 65-dən yuxarı olan müəllimlərin işdən azad olunması ilə bağlı şəhər və rayon təhsil şöbələrinə göstərişlər verib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov deyib.
Təhsil Nazirliyi 65 yaşlı müəllimlərin işdən azad olunması ilə bağlı
təhsil şöbələrinə yeni göstərişlər verib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə işləyən yaşı 65-dən yuxarı olan müəllimlərin işdən azad olunması ilə bağlı şəhər və rayon təhsil şöbələrinə göstərişlər verib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, şəhər və rayon təhsil şöbələrinə təhsil nazirinin əmri və digər
reqlamentləşdirici sənədlər göndərilib.

Təhsil şöbələrinə verilən tapşırıqlara səasən, işdən çıxarılacaq müəllimin çalışdığı müəssisədə onu yenisi ilə əvəz etmək mümkün deyilsə, o, ixtisas üzrə yalnız bir müəllimdirsə və
onun səhhəti işləməyə imkan verirsə, həmin müəllimlə növbəti bir il üçün əmək müqaviləsi bağlanılacaq.

"Eyni zamanda, belə bir tapşırıq da vermişik ki, 65 yaşlı müəllimlərin işdən getməsi ilə bağlı təhlillər aparılsın. Əgər hardasa ixtisas üzrə fənn müəllimi olmayacaqsa, ora yeni müəllim işə qəbul edilsin.

Müəssisələr bu barədə biz məlumat verəcəklər. Əlbəttə ki, biz işə qəbul üçün müsabiqə keçirəcəyik, yaxud da ehtiyat kadrlara həmin yerlərdə işləmək təklif olunacaq", - Qədirov deyib.

Şöbə müdiri 65 yaşlı müəllimlərin işdən azad olunması ilə bağlı kadr probleminin yaranmayacağını düşünür.

Onun sözlərinə görə, şəhər məktəblərində müəllim sıxlığı olduğu üçün bu məsələ ilə bağlı problem olmayacaq. Lakin ucqar kənd məktəblərində kadr çatışmazlığı yarana bilər.

Bu problemi həll etmək üçün müəyyənləşdirilmiş limit çərçivəsində müəllimlərlə 1 illik müqavilə bağlanacaq. Bu üsuldan istifadə etməklə problem həll olunmadıqda nazirlik əlavə tədbirlər görəcək.

Qədirov deyib ki, işdən azad olunmuş yaşı 65-dən yuxarı olan orta məktəb müəllimlərinin pensiya təminatı mövcud qanunvericiliyə uyğun həll ediləcək.

Onun sözlərinə görə, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı hazırlanan sənəd hələki hökumət tərəfindən təsdiqlənməyib.

Bu sənəd təsdiqləndikdən sonra müəllimlərin pensiya təminatında əsaslı dəyişikliklər olacaq.

Xəbər lenti

Xəbər lenti