...

Azərbaycanda "Diqqət, uşaqlar" təhlükəsizlik aylığı keçiriləcək

Cəmiyyət Materials 5 Sentyabr 2011 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda yeni tədris ilinin başlaması ilə əlaqədar "Diqqət, uşaqlar" təhlükəsizlik aylığı keçiriləcək.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, daxili işlər nazirinin əmri ilə sentyabrın 10-dan oktyabrın 10-dək respublika ərazisində təhlükəsizlik aylığı keçiriləcək.

Aylığın keçirilməsində məqsəd küçə və yollarda məktəb yaşlı uşaqların təhlükəsizliyinin təmin edilməsidir.

Bu məqsədlə tədris müəssisələrinin ətrafında müayinə işləri aparılacaq, sıradan çıxmış yol nişanları yeniləri ilə bərpa olunacaq.

Əliyevin sözlərinə görə, bu ilin 8 ayında uşaqların iştirakı ilə baş vermiş qəzalarda 54 uşaq ölüb, 174 uşaq isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu qəzalarda uşaqlar daha çox piyada qismində iştirak ediblər.

Belə ki, bu ilin 7 ayında qeydə alınan yol qəzalarında piyada qismində 30 uşaq ölüb, 91-i yaralanıb.Sərnişin qismində isə 17 uşaq ölüb, 52-si xəsarət alıb.

İdarə rəsmisi sürücülərə 12 yaşa qədər uşaqları sərnişin qismində daşıyarkən uşaqlar üçün nəzərdə tutulan xüsusi oturacaqlardan istifadə olunmasını tövsiyyə edir.

"Qanunvericilikdə yalnız qabaq oturacaqda 12 yaşadək olan uşaqların xüsusi vasitələr olmadan daşınmasına icazə verilmir. Amma bir çox xarici ölkələrdə uşaqların xüsusi vasitələr olmadan arxa oturacaqlarda da daşınmasına icazə verilmir. Azərbaycan qanunvericiliyində bu hal nəzərdə tutulmadığı üçün biz sürücülərdən bunu tələb edə bilmirik", - Əliyev deyib.

Şöbə rəisi uşaqların yol qəzasının qurbanına çevrilməmələri üçün sürücülərdən avtomobili yüksək sürətlə idarə etməmələrini xahiş edir.

Xəbər lenti

Xəbər lenti