...

Azərbaycanda etik davranış qaydalarını pozan yol polisi əməkdaşlarına xəbərdarlıq

Cəmiyyət Materials 7 Sentyabr 2011 14:44 (UTC +04:00)
Dövlət Yol Polisi İdarəsi vətəndaşlardan etik davranış qaydalarını pozan polis əməkdaşları barədə məlumat verilməsini istəyir.
Azərbaycanda etik davranış qaydalarını pozan yol polisi əməkdaşlarına xəbərdarlıq

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət Yol Polisi İdarəsi vətəndaşlardan etik davranış qaydalarını pozan polis əməkdaşları barədə məlumat verilməsini istəyir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksində polisin vətəndaşlarla davranış, onlarla ünsiyyət qaydaları müəyyənləşdirilib.

Əliyevin sözlərinə görə, kodeksə əməl etmək hər bir yol polisi əməkdaşının vəzifə borcudur.

Yol polisi əməkdaşları arasında kodeksin tələblərinə əməl etməyən şəxslərin olduğunu deyən idarə rəsmisi bildirib ki, bu səbəbdən bu il ərzində 100-dən artıq yol polisi əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Şöbə rəsi bildirib ki, "Yol Patrul Xidməti haqqında" təlimatda yol polisi əməkdaşının vətəndaşla ünsiyyətdə hansı hərəkətləri edib-etməməsi müəyyənləşdirilib.

Yol Patrul Xidməti əməkdaşlarının təraş olunmamış vəziyyətdə xidmətə çıxması halları ilə bağlı məsələyə münasibət bildirən Əliyev təcrübəsində belə faktlara rast gəlmədiyini deyib.

"Elə xidmət sahələri var ki, əməkdaş 24 saat xidmətdə olur. Xidmətin sonunda üzü tüklənə bilər. Üzü tüklü, zahiri görkəmi səliqəsiz olan polis əməkdaşlarına rast gəlinərsə, vətəndaşlar bu barədə idarəyə məlumat verə bilərlər. Hər gün səhər yol patrul əməkdaşları ilə ayrı-ayrı tağım və bölümlərdə təlimat keçiriləndə komandirlər tərəfindən bu məsələyə xüsusi diqqət yetirilir", - Əliyev deyib.

İdarə rəsmisi polis əməkdaşının vətəndaşlara müraciət formasına da aydınlıq gətirib.

Bildirib ki, "Yol Patrul Xidməti haqqında" təlimatın tələbinə görə, müfəttiş hərəkətin digər iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etməli, onlarla ünsiyyətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməməlidir. O, hərəkət iştirakçılarına "siz", "cənab (xanım) sürücü (piyada və s.)" və "vətəndaş" deyərək müraciət etməlidir.

Əliyev inzibati qaydada cəzalandırılan sürücülərin onun barəsində protokol tərtib edən müfəttişə qarşı qərəzli olması, əsassız olaraq həmin əməkdaşdan şikayət etməsi hallarının olduğunu deyib.

"Bəzən sürücülər onları inzibati məsuliyyətə cəlb edən polisdən qisas almağa çalışırlar. Məsuliyyətdən yayınmaq üçün verilən şikayətlərdə qeyd edirlər ki, müfəttiş onlara kobud söz deyib, özünü təqdim etməyib. Həmin əməkdaş haqqında bir neçə dəfə belə müraciət daxil olanda, o, nəzarətə götürülür, şikayətdə göstərilən hallar sübut edilərsə, həmin əməkdaş intizam qaydasında cəzalandırılır. Əgər həmin müfəttişin belə hərəkətləri mütəmadi davam edərsə, daxili işlər orqanlarından xaric olunur. Təcrübədə belə hallar az olmayıb", - Əliyev deyib.

Polis əməkdaşları tərəfindən vətəndaşların müraciətlərinə baxılması məsələsinə aydınlıq gətirən idarə sözçüsü bildirib ki, vətəndaşların müraciətində qeyd olunan halların əlavə araşdırılmasına zərurət yoxdursa, müraciətə 15 gün, əks halda 1 ay müddətində baxılmalıdır.

"Müraciətin araşdırılması ilə bağlı hər bir halda vətəndaşa yazılı cavab verilir.Vətəndaş müraciətə baxılmasının nəticəsindən narazı qaldığı təqdirdə həmin qərardan daha səlahiyyətli orqana və ya məhkəməyə müraciə edə bilər", - şöbə rəisi deyib.

Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksində qeyd olunur ki, polis əməkdaşı dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqazidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır.

Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalıdır. Xidməti vəzifələrinin icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən, hər hansı formada hədiyyə, bəxşiş, ödənc və s. qəbul etməməli, bu barədə dərhal yuxarı rəisinə məlumat verməlidir.

Qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə, bu barə və birbaşa rəisinə məlumat verməli və maddi, qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əməkdaşın xidmət etdiyi orqana akt üzrə təhvil verilməlidir.

Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir.

Xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır.

"Yol Patrul Xidməti haqqında" təlimata görə, xidmətə başlayan əməkdaşların döş nişanı, tabel silahı, jezl, şəxsi mühafizə vasitəsi və digər xüsusi vasitələri üzərlərində olmaqla geyim forması səliqəli və fəslə uyğun olmalıdır.

Bundan əlavə müfəttişlərin xidməti və sürücülük vəsiqəsi, xidməti çantalarında post və marşrut vərəqəsi, xidməti kitabça, protokol blankları, cərimə qəbzləri, raport blankı, diyircəkli qələm, karandaş, xəttkeş, fit, cib elektrik fənəri, "Yol hərəkəti haqqında" qanunun mətni olmalıdır.

Müfəttiş Polisin Post-Patrul Xidmətinin Nizamnaməsinə müvafiq olaraq, aşağıdakı qaydada özünü hərəkət iştirakçılarına təqdim etməlidir:

sağ əlini papağına dayayaraq hərbi təzim qaydasında vəzifəsini, rütbəsini, soyadını deyir və əlini aşağı salaraq nəqliyyat vasitəsinin dayandırılma səbəbini qısa və aydın şəkildə izah edir.

Müfəttiş özünü sərxoş halda olan hərəkət iştirakçılarına təqdim etməyə bilər. Nəqliyyat vasitəsinin sürücüsü onu qaçırmaqda və ya yol nəqliyyat hadisəsi törətməkdə, habelə sərxoş vəziyyətdə olmaqda şübhəli olduqda saxlamanın əsas səbəbini müfəttiş ona bildirməyə bilər.

Xəbər lenti

Xəbər lenti