...

Azərbaycanda son illərdə insan hüquqlarının təmin olunmasında irəliləyiş var (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 8 Sentyabr 2011 10:25 (UTC +04:00)
Azərbaycanda son illərdə insan hüquqlarının təmin olunmasında irəliləyiş var. Trend-in məlumatına görə, bunu cümə axşamı ombudsman Elmira Süleymanova dairə seçki komissiyaları (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə kurslarda çıxışı zamanı deyib.
Azərbaycanda son illərdə insan hüquqlarının təmin olunmasında irəliləyiş var (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda son illərdə insan hüquqlarının təmin olunmasında irəliləyiş var. Trend-in məlumatına görə, bunu cümə axşamı ombudsman Elmira Süleymanova dairə seçki komissiyaları (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə kurslarda çıxışı zamanı deyib.

"İnsan hüquqlarının təmin olunması, səmərəli müdafiəsi məqsədilə mükəmməl qanunvericilik bazası yaradılıb. Buna baxmayaraq, insan hüquqlarının pozulması faktları da var. Elə bir ölkə yoxdur ki, orda pozuntu olmasın", - Süleymanova əlavə edib.

Ombudsman deyib ki, Azərbaycan insan hüquqlarının müdafiəsi ilə bağlı 230 konvesiyaya, 9 digər beynəlxalq sənədə qoşulub.

"Bu gün kadrların hazırlanması böyük problemdir. Azərbaycan yeni qanunlar qəbul edir, yeni beynəlxalq sənədlərə qoşulur. İdarəetmə üsulları daha da müasirləşir. Dövlət qurumlarında bu yenilikləri tətbiq edən kadrların olması vacibdir", - Süleymanova əlavə edib.

Azərbaycanda boş qalan bələdiyyələrə bu ilin sonunda seçkilərin keçirilməsi nəzərdə tutulur.

Süleymanovanın sözlərinə görə, qadınlar hələ də yerlərdəki bələdiyyələrdə fəallıq göstərmirlər.

"Qadınlar bələdiyyələrdə təmsil olunurlar, amma fəal deyillər", - insan hüquqları üzrə müvəkkil deyib.

Ombudsman Aparatına daxil olan şikayətlərə gəldikdə, Süleymanova bildirib ki, qurum ilk fəaliyyətə başlayan il 6500 şikayət almışdı.

"Keçən il isə 11 660 şikayət daxil olub. Müşahidələr bunu göstərir ki, bu il şikayətlərin sayı daha da çox olacaq. Hüquqlar daha çox təmin olunur və şikayətlər isə artır. Bu ondan irəli gəlir ki, insanlar hüquqlarını daha yaxşı bilirlər", - o əlavə edib.

Ombudsman qeyd edib ki, cəzaçəkmə müəssisələri, müvəqqəti saxlanma təcridxanaları, ruhi əsəb dispanserləri, xəstəxanalar daxil olmaqla, 254 müəssisəyə işgəncə faktları ilə bağlı nəzarət edilir.

Ombudsmanın fikrincə, seçici siyahıları ilə bağlı problemlər tipik pozuntulara aiddir.

"Dünyasını dəyişmiş adamın adı siyahıda olur. Bu pozuntuların aradan qaldırılması üçün iş aparılır, amma yenə də bu pozuntulara yol verilir. Bir belə fakt kifayətdir bəzi qüvvələr desinlər ki, Azərbaycanda ölü adamın da adı siyahıya daxil edilib, seçkidə saxtakarlıq var. Seçki prosesi mütəmadi təkmilləşir. Dünya praktikasında tətbiq olunan vasitələr, texnologiyalar Azərbaycanda da tətbiq edilir", - Süleymanova deyib.

Xəbər lenti

Xəbər lenti