...

Azərbaycanın tarixi ərazilərinin yeni atlası hazırlanacaq

Cəmiyyət Materials 12 Sentyabr 2011 15:09 (UTC +04:00)
Azərbaycanın tarixi ərazilərinin yeni atlası hazırlanacaq.
Azərbaycanın tarixi ərazilərinin yeni atlası hazırlanacaq

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın tarixi ərazilərinin yeni atlası hazırlanacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011-ci ildə 1-ci müsabiqəsinin yekunlarına həsr olunmuş tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva bildirib.

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən orta əsrlər və yeni dövr xəritələrinin axtarışı və ölkəmizə gətirilməsi" layihəsi çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən müvafiq sənədlər toplanıb.

Baxşəliyeva bildirib ki, hazırlanacaq atlasda orijinalları Hamburq, Bolonya, Leyden, Paris, London, Berlin, Vyanada saxlanılan qədim ərəb və fars əlyazmalarında Azərbaycana aid xəritələrin və onların Avropa alimləri tərəfindən hazırlanmış transkripsiyalarının fotosurəti əks olunacaq.

"Bu istiqamətdə 2011-ci ilin aprel ayından başlayan işlərin 2012-ci ilin aprel ayında yekunlaşdırılması gözlənilir", - institutun direktoru vurğulayıb.

Baxşəliyeva qeyd edib ki, toplanmış xəritələrdən aydın görünür ki, ermənilərin dövlət kimi təqdim etdiyi "böyük" və "kiçik" Ərməniyyə tarixi Azərbaycan torpaqlarından cənubda yerləşib və yer adından başqa bir şey deyil.

"X-XIII əsrin birinci yarısında tərtib olunan xəritələr Azərbaycanın tarixi əraziləri haqqında həqiqəti olduğu kimi əks etdirir. Bu xəritələr bir daha sübut edir ki, erməni təbliğatının dənizdən-dənizə "Böyük Ermənistan" xülyası böyük yalandan başqa bir şey deyil.", - o deyib.

Xəbər lenti

Xəbər lenti