...

Azərbaycanda Türkdilli Ölkələrin II Media Forumunun keçiriləcəyi tarix açıqlanıb

Cəmiyyət Materials 12 Sentyabr 2011 18:10 (UTC +04:00)
Azərbaycanda Türkdilli Ölkələrin II Media Forumu keçiriləcək. Mətbuat Şurasından bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbir oktyabrın 27-30-da Bakıda təşkil ediləcək.
Azərbaycanda Türkdilli Ölkələrin II Media Forumunun keçiriləcəyi tarix açıqlanıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda Türkdilli Ölkələrin II Media Forumu keçiriləcək. Mətbuat Şurasından bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbir oktyabrın 27-30-da Bakıda təşkil ediləcək.

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçiriləcək foruma ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türmənistan, Özbəkistan, o cümlədən Şimali Kipr Türk Respublikasından, Rusiyanın türkdilli xalqlar yaşayan Tatarıstan, Başqırdıstan, Altay, Saxa, Tuva, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən və Moldovanın Qaqauz Muxtar Ərazisindən media qurumlarının təmsilçilərinin qatılması planlaşdırılıb. Ümumilikdə 300 nəfərin iştirak edəcəyi tədbirə 100-dən artıq xarici qonaq dəvət olunacaq.

Toplantının gündəliyinə Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin imzalanması da daxildir. Sənədin peşə mübadiləsi prosesini gücləndirmək məqsədilə hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərlərinin, medianın müxtəlif sahələrinə dair treninq-məşğələlərin təşkilini, habelə Türkiyədə kütləvi informasiya vasitələrinin ölkənin iqtisadi münasibətlər sistemindəki rolu ilə bağlı təcrübənin öyrənilməsini və s. məsələləri nəzərdə tutacağı gözlənilir.

Forumun təşkilində məqsəd beynəlxalq aləmdə yeni tendensiya kimi nəzərə çarpan türkdilli toplumların inteqrasiyasının genişlənməsinə, qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə kömək göstərməkdir.

Türkdilli Ölkələrin I Media Forumu ötən il dekabrın 21-22-də Ankarada baş tutub. Forumda ölkəmizdən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, qurumun İdarə Heyətinin üzvləri, həmçinin kütləvi informasiya vasitələri rəhbərlərinin bir qrupu iştirak edib. Toplantıda növbəti belə tədbirin Azərbaycanda təşkili qərara alınıb.

Xəbər lenti

Xəbər lenti