Təfərrüatlar əlavə olunub (İlk xəbər 13:40-da yayılıb)
Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Dünyada İİV-QİÇS xəstəliyinin qarşısının alınması və onun müalicəsi üçün 6 milyard dollar maliyyə vəsaiti lazımdır. Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin İİV-QİÇS proqramı üzrə direktoru Martin Donaxyu Bakıda keçirdiyi brifinqdə deyib.
"Göstərilən məbləğ İİV-QİÇS xəstəliyinin qarşısını almaq və onun müalicəsi üçün böyük maliyyə vəsaiti deyil. Mövcud vəsait xəstliklərin qarşısını almaq üçün tələb olunarsa, bunun əhəmiyyəti çox böyükdür", - Donaxyu deyib.
Onun sözlərinə görə, hazırda dünyada 34 milyon insan İİV-QİÇS virusuna yoluxub. Avropada isə bu göstərici 2 milyona yaxındır.
Proqram direktoru bildirib ki, digər regionlarla müqayisədə Avropada bu xəstəliyə yoluxma hallarında artım müşahidə olunur.
Donaxyu qeyd edib ki, bu xəstəliyin yayılmasının qarşısını almaq olar.
"Hazırda bu xəstəliyin yayılmasının qarşısını almaq üçün bizdə tibbi və texniki imkanlar var. Bunun üçün siyasi iradə tələb olunur", - ÜST rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, İİV-QİÇS epidemiyasının qarşısını almaq üçün hazırda ÜST tərəfindən əhaliyə kandomlar paylanılır, yoluxmuş insanlar müalicə olunur.
Donaxyu onu da əlavə edib ki, hazırda İİV-QİÇS-ə yoluxmuş insanları tam müalicə edə bilən dərman yoxdur.