...

Qüdrət Həsənquliyev: Siyasi partiyaların ianələr və üzvlük haqqı vasitəsi ilə maliyyələşməsi qadağan olunmalıdır

Cəmiyyət Materials 19 Sentyabr 2011 12:45 (UTC +04:00)
Siyasi partiyaların ianələr və üzvlük haqqı vasitəsi ilə maliyyələşməsi qadağan olunmalıdır.
Qüdrət Həsənquliyev: Siyasi partiyaların ianələr və üzvlük haqqı vasitəsi ilə maliyyələşməsi qadağan olunmalıdır

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda siyasi partiyaların ianələr və üzvlük haqqı vasitəsi ilə maliyyələşməsi qadağan olunmalıdır. Bu barədə bazar ertəsi Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev qəbul olunacaq "Siyasi partiyalar haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib.

O hesab edir ki, hazırda Fransada bu model tətbiq olunur və həmin modelin Azərbaycanda da tətbiqi məqsədəuyğun olardı.

"Fransada partiyalara ayrı-ayrı iş adamlarının, beynəlxalq təşkilatların və ya maliyyə qurumlarının vəsait ayırması qanunla qadağan olunub. Orada hətta fərdi üzvlük haqları da qadağan edilib. Partiyalar dövlət tərəfindən maliyyələşdirilməlidir və onların maraqlarında dövlət maraqları əsas olmalıdır", - Həsənquliyev vurğulayıb.

Millət vəkili bildirib ki, siyasi partiyaların ayrı-ayrı maliyyə qurumlarından, xarici donor təşkilatlardan asılılığını aradan qaldırmaq lazımdır.

"Bir çox partiyaların rəhbərliyində olan şəxslər qeyri-hökumət təşkilatları yaradıblar və həmin QHT-lər xarici donor təşkilatlardan qonorar alırlar. Bu da birbaşa siyasi partiyanın maliyyələşməsi deməkdir. Partiya kimin tərəfindən maliyyələşirsə, öz fəaliyyətini də həmin təşkilatın maraqlarına uyğun qurur. Buna gör də, partiyaların Azərbaycan dövlətinin maraqlarını əsas götürmələri üçün onların başqa qurumlar tərəfindən maliyyələşdirilməsi qadağan olunmalıdır", - BAXCP sədri əlavə edib.

Onun sözlərinə görə, BAXCP-nin mövqeyi ondan ibarətdir ki, yalnız parlamentdə təmsil olunan siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilməlidir.

"Ona görə ki, başqa prinsiplər önə çəkilsə, dövlətdən vəsait almaq üçün hamı başlayacaq partiya yaratmağa. Biz hesab etmirik ki, bu, doğru olardı. Partiyaların seçkilərdə topladığı səs məsələsini də gündəmə gətirirlər. Yəni parlament təmsilçiliyi olmasa da, müəyyən sayda səs toplayan partiyalar maliyyələşsin. Bunu da düzgün saymıram. Əgər belə olarsa, yeni partiyalar yaranacaq və həmin partiyaları parlamentdə təmsilçilik düşündürməyəcək. Bunları yalnız çox səs toplamaq düşündürəcək. Seçkilərdə daha çox namizəd irəli sürməyə çalışacaqlar ki, təki partiyaya səs gəlsin və dövlətdən pul alsınlar", - Həsənquliyev deyib.

BAXCP sədri bildirib ki, dövlət səs toplama əsasında partiyaları maliyyələşdirmək istəsə, buna da qarşı çıxmayacaqlarlar.

Milli Məclisin payız sessiyasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər. Siyasi partiyalar tərəfindən mövcud "Siyasi partiyalar haqqında" qanuna partiyaların maliyyələşdirilməsinə dair əlavə və dəyişikliklər edilməsi, yaxud yeni qanunun qəbulu ilə bağlı təkliflər irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti