...

"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

Cəmiyyət Materials 20 Sentyabr 2011 14:20 (UTC +04:00)
"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

20 sentyabr - Neftçilər günündə işıq üzü görən 164 səhifəlik Xüsusi buraxılış Azərbaycan neft-qaz sənayesinin son 17 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.

1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlarının neft-qaz sərvətlərinin birgə işlənməsinə dair nüfuzlu xarici şirkətlərlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanan, tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft sazişindən sonra ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında yeni mərhələnin başlanması Xüsusi buraxılışın ana xəttini təşkil edir.

Xüsusi buraxılışın üz qabığında ulu öndər Heydər Əliyevin "Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" fikri qeyd olunub. Birinci səhifədə isə ümummilli liderin "Bizim bütün sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur" fikirinin davamı olaraq Prezident İlham Əliyevin "Azərbaycanın neft gələcəyi çox parlaqdır. Hesab edirəm ki, respublikamız bundan əldə etdiyi gəliri düzgün xərcləyəcək və beləliklə, iqtisadiyyatımızın bütün sektorları inkişaf edəcəkdir" tezisi öz əksini tapıb.

Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə "Neftçilər günü"nün təsis edilməsi, hər il 20 sentyabr ərəfəsində neçə-neçə qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə təltif edilməsi cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilərin əməyinə verilən qiymətin, onlara diqqətin bariz nümunəsidir.

Xüsusi buraxılışda Azərbaycan neft sənayesinin çoxəsrlik tarixinə işıq salınaraq, son 17 ildə imzalanmış beynəlxalq neft sazişlərinin iqtisadiyyatımızın dinamik inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılır.
"Əsrin müqaviləsi"nin əhəmiyyəti xüsusi buraxılışda dərc olunan yazıların hər birində önə çəkilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Azərbaycanın neft sənayesi işçilərinə bayram təbrikində bildirilir ki, dünya enerji bazarında etibarlı neft ixracatçısı kimi özünü çoxdan təsdiq etmiş Azərbaycan son illərdə beynəlxalq qaz tədarükü sisteminə inamla daxil olaraq, bu sahədə yeni-yeni nailiyyətlər qazanmışdır. Bir il ərzində neftçilərimiz tərəfindən iki böyük qaz-kondensat yatağının kəşf olunması ölkəmizin qaz ixrac potensialının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Son 20 ildə ilk dəfə olaraq, ARDNŞ-in daxili imkanları hesabına "Ümid" perspektiv strukturunda apardığı axtarış-kəşfiyyat işləri böyük müvəffəqiyyətlə nəticələnmişdir. Neftçilər builki peşə bayramları ərəfəsində xalqımıza daha bir müjdə verdilər. Xarici tərəfdaşlarla birgə işlənilən "Abşeron" strukturunda da böyük qaz yatağı kəşf edildi.

ARDNŞ-in prezidenti R.Abdullayevin "Neft-qaz sektoru intibah dövrünü yaşayır" yazısında qeyd edilir ki, Azərbaycanın müasir yüksəliş dövrü ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının uğurları ilə başlanmışdır. Məhz həmin strateji kursun həyata keçirilməsi nəticəsində Azərbaycan nefti tarixdə ilk dəfə mənsub olduğu xalqa xidmət etməyə başladı. Gənc, müstəqil Azərbaycan dövləti ölkənin təbii sərvətləri üzərində sərəncam vermək, bunlardan sərbəst şəkildə istifadə etmək haqda qərarlar çıxarmaq, həmin qərarları gerçəkləşdirmək iqtidarına malik olduğunu dünyaya bəyan etdi.

Yazıda o da qeyd edilir ki, ölkə daxilində və xaricdə həyata keçirilən neft-qaz və neft-kimya əməliyyatlarında Azərbaycanı layiqincə təmsil edən Dövlət Neft Şirkəti modern, müasir tələblərə cavab verən güclü və çevik quruma çevrilmək istiqamətində fəaliyyətini daha da genişləndirmişdir. Şirkət bu gün ölkə daxilində və onun hüdudlarından kənarda regional və qlobal əhəmiyyətli onlarla layihə həyata keçirir. "Qarşıda bizi daha böyük işlər gözləyir" bildirən R.Abdullayev diqqətə çatdırır ki, bu layihələrin uğur qazanması üçün müasir biliklərə yiyələnmiş gənc kadrlara böyük ehtiyac vardır. Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən 2005-ci ildə ARDNŞ-in kadrların hazırlanması üzrə strategiya təsdiq edilmiş və həmin ildən etibarən şirkətin kadr potensialının müasir tələblərə uyğunlaşdırılması məqsədi ilə çoxşaxəli kadr hazırlığı proqramı müvəffəqiyyətlə icra olunur.

Bu fikir bir daha xüsusi vurğulanır ki, cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən davamlı inkişaf prosesləri, sürətli iqtisadi artım, əhalinin maddi rifahının günbəgün daha da yaxşılaşması xalqımızın ümummilli lideri Heydər Əliyevin belə bir fikrini təsdiqləyir ki, neft digər istehsal sahələrinin inkişafına təkan verməlidir. Azərbaycanın 160 ildən artıq zəngin tarixə və şanlı ənənələrə malik neft-qaz sənayesi əməkçiləri bu gün də xalqımıza layiqincə xidmət edir, ölkənin sosial-iqtisadi, elmi-mədəni yüksəlişinə mühüm töhfələr verirlər. Bu əminlik ifadə olunur ki, neftçilər bundan sonra da Azərbaycan cəmiyyətinin avanqard qüvvəsi olaraq Vətənimizin tərəqqisi və daha işıqlı gələcəyi naminə əzmlə çalışacaqlar.

Xüsusi buraxılış ümumilikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturlarının fəaliyyəti, onların əlamətdar günü - neftçilərin peşə bayramını hansı nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı barədə dolğun təəssürat yaradır. Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin, iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun, sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun, emal üzrə vitse-prezident David Məmmədovun, vitse-prezident Mikayıl İsmayılovun, sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun, neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanovun, ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin, strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanovun, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin, "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərovun, "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyevin, "Azərikimya" İB Müşahidə Şurasının sədri Muxtar Babayevin, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru Elman İsmayılovun, "Azərneftyağ" Neft Emalı Zavodunun direktoru Rövşən Həsənovun, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin, Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif Abdullayevin, Neft Kəmərləri İdarəsinin rəisi Zöhrab Quliyevin, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadənin, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru Səfixan Məmmədovun, Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimovun, Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin, Ekologiya İdarəsinin rəisi Azər Əliyevin, Qaz İxracı İdarəsinin rəisi Kamal Abbasovun, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İnayət Hüseynovun, Xəzər Dəniz Neft Donanmasının rəisi Mübariz Mədətovun, "Neftqaztikinti" Trestinin müdiri Mirkazım Abasovun, Kompleks Qazma İşləri Trestinin müdiri İsgəndər Şirəlinin, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılovun, Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayevin, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun, "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzinin direktoru Eldar Şahbazovun, "Neftçi" İSM-in icraçı direktoru, "Neftçi" PFK-nin prezidenti Sadıq Sadıqovun, və "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadənin yazılarında "Əsrin müqaviləsi"nin imzalanmasından sonra ölkəmizin neft-qaz sektorunda əldə olunan uğurlar diqqətə çatdırılır və ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının təntənəsi kimi dəyərləndirilir. Bildirilir ki, neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması ölkəmizin hərtərəfli inkişafını sürətləndirir.
Xüsusi buraxılış ulu öndər Heydər Əliyevin ""Əsrin müqaviləsi"ndə qarşıya qoyulmuş vəzifələrə layiqincə əməl edilməsi, yeni neft strategiyamızın uğurla həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin əsas qarantlarından biridir..." fikri ilə tamamlanır. Azərbaycan neftinin 2006-cı il 28 may- Respublika Günündə Ceyhan terminalına çatması da bu həqiqəti bir daha nümayiş etdirmişdir. Dövlət başçısı İlham Əliyev bu münasibətlə xalqa müraciətində bildirmişdir ki, Azərbaycan neftinin məhz bu gündə Ceyhan terminalına çatmasının rəmzi mənası vardır. Bu bir daha Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində "Əsrin müqaviləsi"nin böyük rol oynadığının təsdiqidir.

Azərbaycan bu gün ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ən yüksək zirvələr fəth edir.

"İki sahil" qəzetinin yaradıcı kollektivini peşəkar səviyyədə hazırlanan və maraqla qarşılanan Xüsusi buraxılışa görə təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq.

Xəbər lenti

Xəbər lenti