...

Azərbaycanda turizm fəaliyyəti ilə məşğul olmaq istəyən müəssisələr üçün yeni tələblər qoyulacaq

Cəmiyyət Materials 23 Sentyabr 2011 16:54 (UTC +04:00)
Azərbaycanda turizm fəaliyyəti ilə məşğul olmaq istəyən müəssisələrə kadrların işə götürülməsi ilə əlaqədar yeni tələblərin qoyulması məqsədilə qanunvericilik aktlarında dəyişiklərin edilməsi nəzərdə tutulur.
Azərbaycanda turizm fəaliyyəti ilə məşğul olmaq istəyən müəssisələr üçün yeni tələblər qoyulacaq

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda turizm fəaliyyəti ilə məşğul olmaq istəyən müəssisələrə kadrların işə götürülməsi ilə əlaqədar yeni tələblərin qoyulması məqsədilə qanunvericilik aktlarında dəyişiklərin edilməsi nəzərdə tutulur. Bunu cümə günü Trend-ə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov bildirib.

Onun sözlərinə görə, turizm fəaliyyəti ilə məşğul olmaqdan ötrü müəssisənin işçilərinin müəyyən faizi diplomlu, yəni bu sahə üzrə təhsil almış şəxslər olmalıdırlar.

Kadrlarla təminatın turizmin mühüm tərkib hissələrindən biri olduğunu deyən rektor digər sahələrdə olduğu kimi, turizm sahəsində də ixtisaslaşmış işçilərin çalışmasını vacib hesab edir.

O bildirib ki, həkim ixtisası olmayan şəxsin xəstəxanada həkim işləməsi mümkün olmadığı kimi, turizm müəssisələrində də bu sahə üzrə təhsil almış şəxslər işləməlidirlər.

"Əgər müəssisənin 100 nəfər işçisi varsa, onun müəyyən faizi diplomlu mütəxəssis olmalıdır. Vacib deyil ki, həmin işçilər Azərbaycan Turizm İnstitutunun məzunu olsunlar. Həmin şəxs xaricdə oxuyan, Azərbaycanın təhsil müəssisələrində təhsil alan da ola bilər. Hazırda bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində iş aparılır", - Cəfərov deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda turizm sahəsi üzrə ixtisaslı kadrların sayı tələb olunan qədər deyil. Bu sahədə çalışanların çoxunun birbaşa turizm təhsili yoxdur.

"Turizm sahəsində daha çox başqa ixtisas sahibi olan, amma hansısa mərhələdə ixtisasını dəyişərək bu sahədə çalışmış şəxslər işləyirlər. Bu işlər də belə məsələləri tənzimləməkdən ötrü aparılacaq. Amma bunu da birdən-birə etmək olmaz. Çünki sahə kadrsız qala bilər", - Cəfərov açıqlayıb.

Rektorun sözlərinə görə, ölkədə kifayət qədər turizm üzrə ixtisaslı kadr əmək bazarına çıxdıqdan sonra turizm müəssisələrinin rəhbərlərindən ixtisaslı kadrların işə götürülməsi tələb olunacaq.

Cəfərovun fikrincə, bütün bu dəyişikliklər ölkəyə çoxlu sayda turistin gəlməsinə, turizm müəssisəsinin gəlirlərinin artmasına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti