...

Bakıda bu il 100-dən artıq sərxoş qadın sürücü saxlanılıb

Cəmiyyət Materials 23 Sentyabr 2011 16:49 (UTC +04:00)
Bakıda bu il baş verən yol qəzalarının 10,8 faizi psixotrop maddələrin, narkotik vasitələrin və spirtli içkilərin təsiri altında törədilib. Bu barədə cümə günü Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
Bakıda bu il 100-dən artıq sərxoş qadın sürücü saxlanılıb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bu il baş verən yol qəzalarının 10,8 faizi psixotrop maddələrin, narkotik vasitələrin və spirtli içkilərin təsiri altında törədilib. Bu barədə cümə günü Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

Əsədov bildirib ki, bu il yanvarın 1-dən sentyabrın 20-dək Bakıda qeydə alınan 959 yol qəzasının (215 nəfər ölüb, 1175 nəfər xəsarət alıb) 10,8 faizi, yəni 97-si psixotrop maddələrin, narkotik vasitələrin və spirtli içkilərin təsiri altında törədilib.

Bu qəzalarda 34 nəfər həlak olub, 86 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bu müddətdə yol polisi əməkdaşları tərəfindən 3075 sərxoş sürücü aşkar edilib. Həmin sürücülərdən 106 nəfəri qadın olub.

Bölmə rəisi bildirib ki, hesabat dövründə Bakıda maddi zərərlə nəticələnən yol nəqliyyat hadisələrində 7 qadın sürücünün sərxoş olduğu müəyyən edilib və onlar barəsindəki sənədlər müvafiq məhkəmələrə göndərilib.

Ölümlə nəticələnən yol qəzalarında isə 6 qadın sürücünün təqsirli olduğu müəyyən edilib.

Əsədov yol polisi tərəfindən sərxoş sürücülərə qarşı tədbirlərin davam etdirildiyini deyib.

Bakıda bu il ərzində qeydə alınan yol qəzalarının 49,1 faizi sürət həddinin aşılması, 23,4 faizi yolayrıcı qaydalarının pozulması, 19,6 faizi ötmə, manevr qaydalarının pozulması səbəbindən baş verib.

Qeydə alınan yol qəzalarının 51,2 faizi piyadaların vurulması ilə bağlı olub.

Xəbər lenti

Xəbər lenti