Birinci abzasdan sonra əlavə olunub (ilk xəbər 11:18-də yayılıb)
Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda Gənclər Fondunun yaradılması ilə bağlı təkliflər hazırlanıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
"Təkliflər yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq", - Aslanov bildirib.
Onun sözlərinə görə, hazırda "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müxtəlif bəndləri üzrə işlər aparılır.
"Beynəlxalq Gənclər Mərkəzinin yaradılması ilə bağlı Prezident tapşırıqlar verib. Digər bəndlərin də reallaşdırılmasına başlanılıb", - Aslanov qeyd edib.
PA rəsmisi bildirib ki, 2012-ci ilin yanvarından Dövlət Proqramı üzrə işlər daha səmərəli və sürətli aparılacaq.
"Bəzi məsələlər texniki hazırlıq tələb edir", - Aslanov deyib.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq olunub.