...

Texniki peşə təhsilinin inkişafı üçün imkanlar artırılır

Cəmiyyət Materials 28 Sentyabr 2011 12:53 (UTC +04:00)
Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Regionlarda texniki-peşə təhsilinin inkişafına dəstək" layihəsini başa vurmağa hazırlaşır.
Texniki peşə təhsilinin inkişafı üçün imkanlar artırılır

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Regionlarda texniki-peşə təhsilinin inkişafına dəstək" layihəsini başa vurmağa hazırlaşır.

6 ay davam edən layihə ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun regionlarda peşə ixtisas kadrlarına yaranan tələbatın ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılmasına xidmət etməyi, gənclərdə peşə təhsilinə həvəs oyatmağı və texniki-peşə təhsilinin nüfuzunun qaldırılmasını nəzərdə tuturdu.

Bir neçə mərhələdən ibarət olan layihə çərçivəsində texniki peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, region gənclərində texniki peşə təhsilinə həvəsin oyadılması, texniki peşə təhsilinin inkişafında beynəlxalq təcrübənin öyrənilməsi, texniki peşə təhsilli mütəxəssislərlə müvafiq biznes qurumları arasında əməkdaşlığın yaradılması və texniki peşə təhsili ilə bağlı normativ hüquqi aktlar bazasının formalaşdırılması istiqamətində fəaliyyətlər həyata keçirilmişdir.

Beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində əsasən Avropa ölkələrinin texniki-peşə təhsili istiqamətində konsepsiyaları, gördükləri işlər, əldə etdikləri uğurlar və s. haqqında öyrənilərək, ölkəmizdə tətbiq edilməsi üçün təkliflər hazırlanmaqdadır.

Layihənin rəhbəri Rasim Ağayevin verdiyi məlumata əsasən artıq layihə öz uğurlu nəticələrini verir: "Belə ki, paytaxt Bakıdan, eləcə də regionlardan müxtəlif işsiz gənclər və abituriyentlər texniki-peşə təhsili almaq üçün hansı addımların atıldığını, hansı sənədlərin tələb olunduğunu, hansı qurumlara müraciət edildiyini öyrənmək üçün məsləhət saatlarımıza gəlirlər. Bu bizə əsas verir ki, texniki-peşə təhsilinə maraq və ehtiyac zamanla atır. Təbii ki, bu işdə bizim layihənin də xüsusi rolu var. Görülən işlərə baxmayaraq, biz bu fəaliyyətləri dayandırmaq fikrində deyilik. Yaxın vaxtlarda texniki-peşə təhsili sahəsində virtual imkanların yaradılması, beynəlxalq təcrübə mübadilələrinin təşkili və s. fəaliyyətlərin reallaşdırılmasına səy göstəririk".

Layihə ölkəmizin 10 regionunu əhatə etmişdir.

Xəbər lenti

Xəbər lenti