...

Qüdrət Həsənquliyev: Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi üçün xüsusi qanun qəbul edilməlidir

Cəmiyyət Materials 29 Sentyabr 2011 16:00 (UTC +04:00)
Millət vəkili uşaqların hüquqlarının müdafiəsi üçün xüsusi qanunun qəbulunu zəruri sayır.
Qüdrət Həsənquliyev: Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi üçün xüsusi qanun qəbul edilməlidir

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Millət vəkili uşaqların hüquqlarının müdafiəsi üçün xüsusi qanunun qəbulunu zəruri sayır.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev cümə axşamı Trend-ə bildirib ki, "Yuvenal ədliyyə haqqında" qanunun qəbul olunması uşaqların hüquqlarının hərtərəfli müdafiəsinə imkan verəcək.

Millət vəkilinin sözlərinə görə, bir qisim fikir sahibləri hesab edir ki, bu qanunun qəbulu milli mentalitetimizə uyğun deyil.

"Onlar hesab edir ki, bu qanunun qəbulu yeni pavlik marozovların yaranmasına gətirib çıxaracaq, uşaqlar valideynlərindən şikayət edəcək. Hesab etmirəm ki, bunun əleyhinə çıxış edənlər öz arqumentlərində haqlı və ədalətlidirlər. Bu tipli qanunların mövcud olduğu Skandinaviya ölkələri, Qərbi Avropa ölkələrinin heç birində mənəvi dəyərlərə sayğı Azərbaycandan aşağı deyil. Heç də həmin ölkələrdə valideyn-övlad münasibətləri bizdən daha aşağı səviyyədə deyil", - Həsənquliyev vurğulayıb.

Uşaqların müdafiəsini zəruri sayan millət vəkili bildirib ki, bəzən valideynlər alkoqolizmə, narkomaniyaya qurşanırlar, uşaqlara münasibətdə aqressiv olurlar.

Həsənquliyev uşaqların valideynlər tərəfindən döyülməsi, fiziki və mənəvi işgəncələrə məruz qalması, məktəbdə uşaqlara qarşı təhqiramiz hərəkətlərə yol verilməsi, müəllimlər tərəfindən uşaqların təhqir olunması, döyülməsi hallarının olduğunu deyir.

"Bu hallar xüsusən də kəndlərdə baş verir. Amma hamı deyir ki, valideynin uşağı döyməyə haqqı var. Bu baxımdan "Yuvenal ədliyyə haqqında" qanunun qəbulunun tərəfdarıyam", - millət vəkili deyib.

Xəbər lenti

Xəbər lenti