Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Ordusunun əsgəri Eldar Novruzovun ölüm faktı ilə bağlı cinayət işi başlanıb.
Respublika Hərbi prokurorluğundan cümə günü Trend-ə verilən məlumata görə, faktla bağlı Bakı şəhər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin qulluğa səhlənkar yanaşma (342.2-ci) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluqdan bildirilib ki, hələlik faktla bağlı saxlanılan yoxdur.
19 yaşlı əsgər Novruzov bir müddət öncə səhhətində yaranan problemlə əlaqədar burnundan əməliyyat olunmuşdu. Əməliyyatdan sonra onun səhhəti daha da pisləşib.
Novruzov müalicəsini davam etdirmək üçün dünən təhkim olunan həkimlə birgə Türkiyənin Gülhanə Əsgəri Tibb Akademiyasına yola salınan zaman dünyasını dəyişib.
Əsgərin ölümündə cavabdeh şəxslərin məsuliyyəti sübuta yetirilərsə, həmin şəxsləri üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.