...

Azərbaycanda şadlıq saraylarının fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur

Cəmiyyət Materials 4 Oktyabr 2011 11:15 (UTC +04:00)
Azərbaycanda şadlıq sarayları və digər iaşə obyektlərinin icarəyə verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur.
Azərbaycanda şadlıq saraylarının fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İ.İsabalayeva

Azərbaycanda şadlıq sarayları və digər iaşə obyektlərinin icarəyə verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev çərşənbə axşamı Trend-ə bildirib ki, müəssisə sahibi mülkünü uzun müddətə icarəyə verə bilər. Amma icarəçi və ya sahibkar şadlıq sarayı və digər iaşə obyektlərini müvəqqəti fəaliyyət göstərmək üçün 1, 2 sutkalıq kiməsə icarəyə verə bilməz. Bu, sanitariya baxımından düzgün deyil.

Abdullayev deyib ki, şadlıq saraylarını müvəqqəti icarəyə götürən şəxs orada məclis keçirmək üçün bir gün əvvəldən hazırlıq işləri aparır və bu məqsədlə də məclis sahibinin gətirdiyi bir qrup şəxs mətbəxdə yemək hazırlayır.

Amma əslində iaşə obyektləri, o cümlədən şadlıq saraylarının mətbəxinə kənar şəxslərin, hətta toy sahibinin belə keçməsi qadağandır. Çünki mətbəxdə işləyən hər hansı kənar şəxs yoluxucu xəstəlik daşıyıcısı ola bilər.

Bu isə məclisdə iştirak edəcək qonaqların sağlamlığı üçün təhlükə yaradır. Məclis sahibi qonaqları üçün yeməyi özü hazırlatmaq istədikdə isə bu iş mütləq iaşə obyektlərinin işçiləri tərəfindən görülməlidir.

Abdullayev təklif edir ki, belə nöqsanlara yol verən şadlıq sarayları və iaşə obyektlərinin sahiblərinə qarşı hər hansı bir tədbirin görülə bilməsi üçün iaşə müəssisələri ilə bağlı qanunvericiliyə, Nazirlər Kabinetinin "Ticarət, iaşə və xidmət sahələri qaydaları" haqqında 80 saylı qərara dəyişiklik edilməlidir. Qanunvericilikdə və qeyd edilən qərarda iaşə obyektlərinin müvəqqəti icarəyə verilməməsi öz əksini tapmalıdır.

Xəbər lenti

Xəbər lenti