Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İ.İsabalayeva
Niderland Krallığının məşhur "MaxTV" televiziya kanalı Azərbaycanın turizm potensialı, tarixi abidələri haqqında veriliş hazırlayır. Bu barədə çərşənbə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev məlumat verib.
Onun sözlərinə görə, hazırda həmin kanalın nümayəndələri Azərbaycanda səfərdədirlər. Oktyabrın 2-dən başlayan səfər ayın 9-da yekunlaşacaq.
Səfər müddətində çəkiliş heyəti Azərbaycanda baş verən hərtərəfli dinamik inkişaf, Bakının tarixi və müasir binaları, həyata keçirilən yeni layihələr, Bakı ətrafında yeni və köhnə neft platformaları, Azərbaycanın qədim xalçaçılıq sənəti, qədim inanclara hörmət və tolerantlıq, "Eurovision" musiqi yarışmasına hazırlıq və s. mövzulara diqqət yetirəcək.
Çəkiliş heyəti Bakı ilə yanaşı İsmayıllı, Qəbələ, Şəki və Quba rayonuna da səfər etmək niyyətindədir.