...

Azərbaycanda könüllülərin fəaliyyəti qeydiyyata alınacaq (FOTO)

Cəmiyyət Materials 4 Oktyabr 2011 16:06 (UTC +04:00)
Trend-in məlumatına görə, Azərbaycan Tələbə Gənclər Təşilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə "Könüllülük pasportu" hazırlanıb.
Azərbaycanda könüllülərin fəaliyyəti qeydiyyata alınacaq (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda könüllü fəaliyyət göstərən şəxslərin fəaliyyəti qeydiyyata alınacaq.

Trend-in məlumatına görə, Azərbaycan Tələbə Gənclər Təşilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə "Könüllülük pasportu" hazırlanıb. Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) konfrans zalında keçirilən təqdimat mərasimində İttifaq sədri Şahin İsmayılov deyib ki, "Könüllülük pasportu" müxtəlif sahələrdə könüllü əsaslarla fəaliyyət göstərən şəxslərin fəaliyyətini rəsmiləşdirən bir sənəddir.

"İnsanlar hansısa layihədə və ya təşəbbüsdə könüllü olaraq iştirak edəcəklərsə, onların bütün fəaliyyətləri həmin sənəddə qeydə alınacaq", - İsmayılov əlavə edib.

Onun sözlərinə görə, pasportda şəxsin konüllü fəaliyyət göstərdiyi təşkilat, iştirak etdiyi layihənin müddəti, keçirilmə yeri və şəxsin həmin layihədəki vəzifəsi barədə məlumatlar öz əksini tapacaq. İsmayılov hesab edir ki, müxtəlif layihələrdə iştirak etmiş insanlar hansısa dövlət qurumunda və ya özəl şirkətdə işə düzələrkən əvvəlki fəaliyyətlərini təsdiq edən bu sənədi təqdim edə biləcəklər.

ATGTİ sədri onu da qeyd edib ki, pasportun verildiyi şəxslərin uçotu aparılacaq və bunun vasitəsilə Azərbaycanda könüllü fəaliyyətlə məşğul olan şəxslərin sayı barədə də məlumat əldə etmək mümkün olacaq.

Tədbirdə ATGTİ-nin digər nəşri olan, Azərbaycanın və azərbaycanlıların əldə etdiyi nailiyyətlər barədə 50 faktı özündə əks etdirən "Bilirsənmi?" kitabı da təqdim olunub.

ATGTİ sədri İsmayılov deyib ki, kitabı hazırlamaqda məqsəd bir çox insanın bilmədiyi və maraqlı faktları oxucularla bölüşməkdir. Onun sözlərinə görə, hələlik 2000 nüsxədə nəşr olunan kitab gələcəkdə ingilis, alman, fransız və digər dillərə tərcümə olunraq dünyanın müxtəlif ölkələrindəki tələbələr arasında yayılacaq.

Xəbər lenti

Xəbər lenti